Vüqar Bayramov: “Mərkəzi Bank Azərbaycan manatını sevmir” Vüqar Bayramov: “Mərkəzi Bank Azərbaycan manatını sevmir”

Mərkəzi Bankın yeni pul siyasətinin pərdəarxası məqamları - Ekspert danışır

Vüqar Bayramov: “Mərkəzi Bank Azərbaycan manatını sevmir”

"Mərkəzi Bank Azərbaycan manatını heç sevmir. Milli valyutanın üzərində əməliyyat aparmaq istəyən ölkənin baş bankı bir müddət öncə dövriyyəyə 150, 200 və 500 manatlıq əskinasları buraxmaq istədiyini bildirməklə dünya pul tarixinə yenilik gətirməyə çalışdı. Bəlli olanda ki, dünyanın heç bir normal ölkəsində 1 əskinasın dəyəri ölkə üzrə orta aylıq əmək haqqından çox olması praktikası yoxdur və MB orta aylıq əmək haqqı 408 manat olan ölkəmizdə 500 manatlıq əskinası dövriyyədə görməklə ciddi bir "qlobal yeniliyə" imza ata bilər".

Bunu iqtisadçı Vüqar Bayramov bildirib. V.Bayramovun sözlərinə görə, pulun dəyərinin yuvarlaq olması səbəbindən heç bir normal ölkədə "150" ilə ifadə edilən əskinaslar yoxdur: "Biz Mərkəzi Bankın ikinci "qlobal kəşfinin" də şahidi ola bilərdik. Amma məhz ekspert izahatları nəticəsində baş bankda bu ideyadan geri çəkildilər".

Mərkəzi Bankın dövriyyəyə 1 və 2 manatlıq dəmir pulların buraxılması ilə bağlı ideyasına münasibət bildirən iqtisadçı indiki məqamda nə 1, nə də 2 manatlıq dəmir pulların dövriyyəyə buraxılması məqsədəuyğun olmadığı qənaətindədir: "Dövriyyəyə iri nominallı dəmir pulların buraxılması pulun alıcılıq qabiliyyətinin düşməsinə gətirib çıxara bilər. Bu, pulun alıcılıq qabiliyyətinə psixoloji təsir göstərər.

Avropa Birliyində 2 avroluq dəmir pul istifadə olunur. Amma nəzərə almaq lazımdır ki, AB-də pulun işlənmə dairəsi genişdir. Eyni zamanda, AB-də istehlak bazarında qiymətlər əməkhaqqının səviyyəsinə uyğun olaraq müəyyənləşir. Bu baxımdan 2 avro dəmir pulun dövriyyəyə buraxılması birlik ölkələrində qiymətlərin kəskin dəyişməsinə gətirib çıxarmır. Çünki onsuz da həmin ölkələrdə əməkhaqları və qiymətlər, buna paralel olaraq da alıcılıq qabiliyyəti yüksəkdir.

Azərbaycanda isə alıcılıq qabiliyyəti və orta aylıq əməkhaqqı AB ilə müqayisədə 4 dəfə azdır. Belə olan halda 2 manatlıq dəmir pulların buraxılması pulun alıcılıq qabiliyyətinə birmənalı şəkildə ciddi psixoloji təsir göstərəcək və qiyməti aşağı olan məhsulların bahalaşmasına, infilyasiyaya səbəb olacaq. Həmçinin nəzərə alaq ki, Azərbaycan manatının işlənmə dairəsi də məhduddur.

Başqa tərəfdən, 1 manatlıq dəmir pullar birmənalı şəkildə aşağı qiymətli malların qiymətində hiss edilən artımlara gətirib çıxacaq. Bu praktik olaraq kiçik dəmir pulların istifadə diarəsinə praktik olan son deməkdir". V.Bayramov belə hesab edir ki, MB bu qərarı qəbul edərsə, o zaman 1 manatlıq dəmir pulla 5 manatlıq kağız əskinasın arasında xeyli fərq yaranacaq: "Bu da yeni nominallı əskinasa ehtiyac yaradacaq. Digər ölkələrin təcrübəsini nəzərə alsaq, 2 manatlıq əskinasın dövriyyəyə buraxılması daha məqsədəuyğundur. Amma eyni zamanda, 2 və 3 manatlıq əskinasların dövriyyəyə buraxılması pul dövriyyəsinin əskinaslarla şişməsinə gətirib çıxara bilər. Bu baxımdan əgər 1 manatlıq dəmir pullar dövriyyəyə buraxılırsa, 2 manatlıq əskinasların da dövriyyəyə buraxılması məqsədəuyğundur".

Elnarə
AzNews.az