- Siyasi müzakirə
- 19:09
- 1 446
“Rusiya rəsmiləri TRIPP layihəsini 10 noyabr bəyanatına zidd hesab edirlər” - Şəhla Cəlilzadə
“8 avqustda Vaşinqtonda imzalanan Azərbaycan, Ermənistan və ABŞ birgə bəyannaməsinin 4-cü maddəsi, Ermənistan ərazisində TRIPP — “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsinin çərçivəsini müəyyənləşdirməyi hədəfləyir. TRIPP marşrutunun detalları hələ yerli mediada açıqlanmasa da, Qərb mətbuat orqanları bu layihənin Rusiya və İranın maraqlarına zidd olduğunu yazıblar. Məlumatlara görə, Ermənistandan keçən dəhlizin 99 illiyə ABŞ-a icarəyə verilməsi və burada ABŞ-ın təhlükəsizlik təminatını həyata keçirməsi nəticəsində regionda güc balansının dəyişəcəyi iddia olunur. Təbii ki, bu iddialar nə Rusiyada, nə də İranda müsbət qarşılanmayıb”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
Qeyd edək ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib ki, Rusiya və Ermənistan arasında “Tramp yolu” (Zəngəzur dəhlizi) məsələsi yüksək səviyyəli dialoq çərçivəsində müzakirə olunur. O vurğulayıb ki, bu mövzu regionda sülh və sabitliyə xidmət edən vacib istiqamətlərdən biridir. Səfir həmçinin qeyd edib ki, Moskva hələlik marşrutla bağlı əməliyyat detalları barədə konkret məlumat gözləyir.
Siyasi şərhçi qeyd edib ki, Ermənistan rəsmiləri sonradan yayılan məlumatları təkzib etsələr də, dezinformasiya artıq öz təsirini göstərmişdi.
"Bundan sonra bir sıra Rusiya rəsmiləri bu məsələ ilə bağlı sərt və təhdid dolu bəyanatlar səsləndirməyə başladılar. Son açıqlamanı da məhz bu kontekstdə qiymətləndirmək olar. Həmçinin, Rusiya tərəfinin daha əvvəl verdiyi bəyanatlar da xatırlanmağa dəyər. Belə ki, rus rəsmiləri 8 avqust bəyannaməsini 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına zidd hesab edərək, Rusiyanın Cənubi Qafqazdan çıxarılmasının qeyri-mümkün olduğunu, Ermənistandakı rus hərbi bazasının ən azı 2044-cü ilə qədər fəaliyyət göstərəcəyini, Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərinin Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən qorunduğunu bildiriblər. Onların fikrincə, bu amillər nəzərə alınmadan dəhlizin reallaşdırılması mümkün deyil. Nəticədə baş nazir Nikol Paşinyan bütün çıxışlarında TRIPP marşrutunun bütün tərəflərin maraqlarına cavab verəcəyini vurğulayaraq, layihəyə yönələn təhdidlərin qarşısını almağa çalışır. O, son açıqlamasında layihənin davamı kimi Qara dənizin Fars körfəzi ilə birləşdiriləcəyini qeyd edib və bunun həm Rusiya, həm də İran üçün faydalı olacağını bildirib. Bu isə Ermənistanın balanslaşdırılmış siyasət yürütmək cəhdi kimi dəyərləndirilə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az