Azərbaycanda gəmiqayırma zavodu açıldı

Azərbaycanda gəmiqayırma zavodu açıldı. Müəssisə Azərbaycanın gəmiçilik sahəsində idxaldan asılılığını aradan qaldıracaq, Xəzər donanmasını müasirləşdirməyə imkan verəcəkdir. Bu zavodun tikintisi son illərdə Azərbaycanda həyata keçirilən iri iqtisadi layihələrdən biri olan bu zavodun inşası ölkəmizin iqtisadi gücünü və bütün sahələrdə öncül mövqelərə malik olmasını göstərir.

Zavodun tikintisi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə ARDNŞ, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Sinqapurun "Keppel Offshore & Marine" şirkəti tərəfindən "Bakı gəmiqayırma zavodu" MMC birgə müəssisəsi yaradılıb. Təsisçilər arasında 2010-cu il dekabrın 10-da imzalanmış razılaşmaya əsasən ARDNŞ, AİŞ və Keppel zavodun nizamnamə kapitalında müvafiq olaraq 65 faiz, 25 faiz və 10 faiz paya malikdirlər.

Zavod Qaradağ rayonu ərazisində, Bakı-Astara magistral yolunun 25-ci kilometrliyində Keppel, Böyük Britaniyanın "Royal Haskoning" və Norveçin "TTS Handling System AS" şirkətlərinin birgə hazırladıqları konseptual layihə əsasında Dövlət Neft Şirkətinin "Neftqaztikinti" Tresti tərəfindən inşa edilib.

Zavod Finlandiya, Niderland, Almaniya, Çex Respublikası, Böyük Britaniya, Koreya Respublikası və Sinqapurda yüksək standartlar səviyyəsində istehsal olunan avadanlıqla təchiz edilmişdir. İstehsal prosesində metalkəsmə, profiləymə, lövhəəymə, 3D borukəsmə rəqəmsal avadanlığı kimi müasir texnoloji vasitələrdən istifadə olunacaqdır. Müəssisə artıq ilk sifarişini də qəbul edib. Yeni layihə "Caspian Drilling Company LTD" tərəfindən verilən yarımqazma qurğusu – DSS 38M-dir. Gəmiqayırma zavodunda qurğunun pantonunun göyərtəsi, eyni zamanda, yuxarı göyərtə hazırlanacaq. (ANS PRESS)