Mərziyyə Haşimi: “ABŞ-da həbs olunmağım...”

ABŞ-da həbs olunmağım jurnalist kimi fəaliyyət göstərməyim və ideallarımla bağlı idi.

Bu sözləri ABŞ-da həbs edilərək 13 gündən sonra azadlığa buraxılan İranın Press TV kanalının müxbiri Mərziyyə Haşimi deyib. O, həbsdən çıxdıqdan sonra “The Associated Press” qəzetinə ilk müsahibəsində bildirib ki, Prezident Donald Trampın “Amerikanın qüdrətini bərpa edəcəyik” şüarını başa düşmür. Əgər hər gün insan hüquqları pozulursa və azad mətbuata təzyiqlər edilirsə, bu, “qüdrətin bərpa edilməsi demək deyil”. M.Haşimi həqiqətə inandığını və düzgün yol tutduğuna əmin olduğunu nəzərə çatdırıb.

Xatırladaq ki, ABŞ-da doğulan jurnalistin adı Melina Franklin olub. 1982-ci ildə İslamı qəbul edərək İrana mühacirət edib. Adını dəyişib Mərziyyə Haşimi edən jurnalist, burada ingilis dilində yayımlanan Press TV televiziyasında müxbir kimi fəaliyyətə başlayıb. Onun əsas fəaliyyəti özünü ABŞ-da insan hüquqlarının pozulması haqqındakı reportajlarında göstərirdi. M.Haşimi Amerikada qaradərili insanların hüquqlarının kobud şəkildə pozulması haqqında bir neçə sənədli filmin müəllifidir.

Qeyd etmək lazımdır ki, yanvarın 13-də ABŞ-ın Sent-Luis beynəlxalq hava limanında heç bir ittiham irəli sürülmədən həbs edilən M.Haşiminin əlləri və qolları qandalanaraq Vaşinqton türməsinə gətirilmişdi. Onu bu şəkildə həbs edilməsi İran ictimaiyyəti və beynəlxalq media qurumları tərəfindən birmənalı qarşılanmadı. Vaşinqtonda və Tehranda kütləvi aksiyalar keçirildi. Buna baxmayaraq, jurnalist 11 gün türmədə saxladıqdan sonra ifadəsi alınaraq azad edildi.(AZƏRTAC)

© AzNews.az