İran: MAQATE-nin hesabatı düzgün deyil, müfəttiş səhvini anlayıb

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Fordo bölgəsindəki uran zənginləşdirmə obyektində elan edilməmiş dəyişikliklə bağlı təqdim etdiyi hesabatın doğru olmadığını iddia edib.

AzNews.az xəbər verir ki, paytaxt Tehranda nüvə sənayesi ilə bağlı tədbirə qatılan İranın Atom Enerjisi Agentliyinin sədri Məhəmməd İslami MAQATE-nin son hesabatı ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

"Agentliyin yeni müfəttişlərindən biri səhvən İranın Şəhid Əli Muhammedi (Fordo) uran zənginləşdirmə zavodunda iş prosedurunda elan edilməmiş bir dəyişiklik olduğunu bildirmişdi. Lakin əvvəlki müfəttişlər zavoda gələndə sözügedən müfəttiş onlara edilən izahatlardan sonra öz səhvini başa düşüb. MAQATE Katibliyi ilə koordinasiyalı işlədikdən sonra məsələ əslində həll olundu", - deyə İslami bildirib.

Dünən MAQATE-nin üzv ölkələrə göndərdiyi hesabatda Fordo nüvə obyektində uranı 60% saflığa qədər zənginləşdirən iki IR-6 sentrifuqa massivi arasında qarşılıqlı əlaqədə elan edilməmiş dəyişiklik edildiyi bildirilib.

Xatırladaq ki, İran 2022-ci ilin noyabrında Fordodakı nüvə obyektində uranı 60% saflıqda zənginləşdirməyə başlayıb.

Pərvanə