Həyat yoldaşını bıçaqlayan şəxs- 14 il cəza aldı

Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Təhmasib Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.


AzNews.az oxu.az-a istinadən xəbər verir ki, bu il aprelin 9-da Kliniki Tibbi Mərkəzə deşilmiş-kəsilmiş yaralarla Təhmasib Mirzəyev və həyat yoldaşı Nigar Mirzəyeva (1991-ci il təv.) daxil olaraq, üzərlərində cərrahi əməliyyat aparılıb. Dərhal sonra hadisə yerinə və xəstəxanaya Binəqədi RPİ 5-ci polis bölməsinin əməkdaşları cəlb olunub.

Məlum olub ki, hadisə səhər saat 10 radələrində Binəqədi rayonu, Naxçıvani küçəsi, 3068 ünvanında yerləşən "Olimp" mənzil-tikinti kooperativinin binasında, birinci mərtəbədə liftin qarşısında baş verib.

Ötən il ailə həyatı quran cütlük arasında ailə münaqişəsi zəminində mübahisə baş verib və buna görə Nigar Mirzəyeva acıq edərək, anasıgilə gəlib. Yoldaşı ondan evə qayıtmağı tələb etsə də, qadın bundan imtina edib. Səhər saatlarında qayınanasının yaşadığı binanın qarşısına gələn Təhmasib arvadı və baldızının işə gedəcəklərini bilərək liftin qabağında onları gözləyib.

Nigar liftdən çıxan kimi Təhmasib onun döş qəfəsi və boyun nahiyələrinə bıçaqla zərbələr endirib. Hadisə yerindən qaçan Təhmasib binanın həyətində kəsici alətlə qarın nahiyəsinə zərbələr vurub və sonra qollarını doğrayıb.

Xəstəxanada zəruri tibbi yardım aldıqdan bir müddət sonra Mirzəyev istintaq təcridxanasına köçürülüb.
Məhkəmə prosesində T.Mirzəyev ittiham üzrə özünü qismən təqsirli hesab edərək, əməlindən peşman olduğunu bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Məhkum hökmdən apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.