“Heydər Əliyevin bizə göstərdiyi qayğını heç bir zaman unutmayacağıq” “Heydər Əliyevin bizə göstərdiyi qayğını heç bir zaman unutmayacağıq”

“Heydər Əliyevi atamız kimi sevərdik” - Sənət adamları

“Heydər Əliyevin bizə göstərdiyi qayğını heç bir zaman unutmayacağıq”

Bunu AzNews.az-a açıqlamasında xalq artisti Xuraman Qasımova ümummilli lider Heydər Əliyevilə bağlı xatirələrindən danışarkən deyib. Qeyd edib ki, Heydər Əliyev bütün Azərbaycanın inkişafında böyük rolu olan şəxsiyyət kimi qalacaq:

“Əziz insan kimi xatirəmizdə yaşayacaq. Heydər Əliyev böyük siyasətçi olması ilə bərabər, eyni zamanda mədəniyyət sahəsində öndə gedən insanların da dostu, arxası idi. Mədəniyyətə qayğı göstərən, diqqət edən şəxsiyyət idi. Bütün günü onu yad edirik, onunla bağlı xatirələri anırıq. Bu, bizim üçün böyük qürurdur. O, hər zaman yaddaşımızdadır. Evimizdə onunla bağlı fotogüşə açmışıq. Heydər Əliyevin bizə göstərdiyi qayğını heç bir zaman unutmayacayıq. Çox sevinirik ki, onun dəyərli davamçısı olan İlham Əliyev Heydər Əliyev siyasətini həyata keçirir, mədəniyyət sahəsinə böyük qayğı göstərir. Fidan xanımı şəxsən özü "İstiqlal" ordeni ilə təltif etdi. Biz Heydər Əliyevə söz vermişik, demişik ki, nə qədər canımız var, Azərbaycan xalqına xidmət göstərəcəyik. Anım günü olmasına baxmayaraq o, daima yaşayır”.

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlı: “Elə insanlar var ki, onlar cismən həyatdan getsələr də əməlləri, işləri yaşayır. Millətin həyatının davamlılığını təmin edir, onu yaşadır, düzgün inkişaf yolunu müəyyən edir. Heydər Əliyevi niyə biz çox sevirik? Bütün sənət insanları Heydər Əliyevi çox sevir. Çünki məhz onun zamanında Azərbaycan teatrı, musiqisi, incəsənəti, ədəbiyyatı çox ciddi şəkildə inkişaf yoluna qədəm qoydu. O, teatrı çox sevərdi, aktyorlara böyük dəyər verərdi. Aktyorları həqiqi mənada qoruyardı, onların həyatının təmin olunması üçün çalışardı. Akademik Milli Dram Teatrının əksər tamaşalarına gələr, saatlarla tamaşanı müzakirə edib, məsləhətlərini verərdi. Heydər Əliyev bilirdi ki, bir milləti əbədiyyətə qədər yaşada biləcək onun mədəniyyəti, musiqisi, ədəbiyyatı, teatrı və sözüdür. Bu mənada sənət adamlarına onun xüsusi diqqəti vardı və həmişə deyərdi ki, “Azərbaycan milli teatrı bizim millətimizin sərvətidir. Mən bu teatrı çox sevirəm. Burada çalışan insanlara böyük sevgim və hörmətim var”. Bizim, eləcə də bütün sənət adamlarının bu böyük şəxsiyyətin qarşısında borcu var. Teatrımızın əksəriyyəti onun imzası ilə fəxri adlar, mükafatlar alıb, mənzillərlə təmin olunublar. 120-dən yuxarı sənət adamı Heydər Əliyev mükafatı alır. Bu mükafat onların həyatı üçün vacib idi. Əgər o zaman bu fərman verilməsəydi, sənət adamlarının çoxu sənətdən gedəcəkdi. Şəxsən mənim böyük Heydər Əliyevə borcum var. Onun imzası ilə əməkdar artist, xalq artisti fəxri adını almışam. Nə qədər Azərbaycan xalqı, bu dövləti, bayrağı sevən insanlar var, Heydər Əliyev də yaşayacaq”.

Xalq artisti Niyaməddin Musayev: “Heydər Əliyev Azərbaycan dövlətinin memarı, qurucularından biridir. Onun haqqında nə qədər danışsan belə, azdır. Bütün sənət, elm adamlarının hər birinə ayrı-ayrılıqda diqqət göstərib. Heydər Əliyev tarixi şəxsiyyətdir. Onunla biz qürur duymalıyıq ki, Azərbaycanın belə bir şəxsiyyəti olub”.

Xalq artisti Gülyaz Məmmədova: “Allah ulu öndərimiz Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. Çox böyük şəxsiyyət idi. Onun mədəniyyətə, incəsənətə qayğısı, diqqəti o qədər çox idi ki, sözlə ifadə etməkdə çətinlik çəkirəm. Onunla görüşlərimiz çox olub. Tamaşadan və konsertdən sonra səhnə arxasına gələr, çox məzmunlu çıxışlar edər, sənət adamları ilə söhbət edər, tövsiyələr verərdi. Heydər Əliyev unudulmaz şəxsiyyətdir. Heydər Əliyevin sərəncamı ilə mənə və Gülyanaq xanıma əməkdar artist fəxri adı verilib. Onda mənim 28 yaşım vardı. Opera sənətində xidmətlərimə görə almışdım bu adı. Mənim üçün əziz və unudulmaz bir tarixdir həmin gün. Heydər Əliyev sənət adamlarını çox sevirdi, onlara qayğısı hədsiz idi”.

AzNews.az