Əməkdar incəsənət xadimi: “Adları alınsın!”

Xalq artisti İlhamə Quliyevanın digər qalmqallı həmkarlarını kölgədə qoyaraq hətta millət vəkilinə qarşı çıxması ciddi etirazla qarşılanıb.

Bir müddət əvvəl millət vəkili Çingiz Qənizadəni şantaj edən İ.Quliyeva ona qarşı edilən etirazlardan nəticə çıxarmaq əvəzinə yenə də nalayiq ifadələr işlətməkdə davam edir.

İ.Quliyevaya etiraz edənlər arasında millət vəkillərilə yanaşı, görkəmli muğam ustaları, aktyorlar, xalq artistlər var.

Əməkdar incəsənət xadimi Arif Qazıyev bütün baş verənlərdən xəbərdar olduğunu deyir: "Hərəsinin bir dəstə vəzifəli adamı var, onlara arxalanıb ağızlarına gələni deyirlər, danışırlar. Bunların yeganə çarəsi odur ki, cənab prezident tərəfindən adları alınsın. Necə ki, Əkrəm Əylislidən alındı. Ad-sanım var, titulum var, kosmonavtam nə bilim nə. Yalandan özlərinə ad qoyub toxunulmazlıq elan ediblər".

Ç.Qənizadənin fikirləri ilə tanış olduğunu deyən A.Qazıyev bildirdi ki, millət vəkili bu məsələdə haqlıdır:

"Onun da ürəyi yanır, bilir ki, efirə hamı baxır, mətbuatı çoxları oxuyur, hətta başqa xalqların nümayəndələri də baş verənlərdən xəbər tutur, arada xalqın adı batır. Axı bu xalq artistləri nəyi, kimi bölüşdürə bilmirlər? İlhamə xanıma hörmət edilir, hara gedir böyük tutulur, nəyə lazım idi bu məhkəmə söhbəti? Məhkəmənin Nazpəri Dostəliyevaya qarşı çıxardığı qərar da düzgün deyildi. Neynəyib Nazpəri xanım? Kimisə vurub? Yaxud kütləvi bir yerdə ağır ifadə işlədib onun ünvanına? Heç nədən 50 min manat cərimə kəsilməyi göstərir ki, kimlərinsə başqa marağı var ortada. Bunları çağırıb arışdırmaqdansa daha da ədavəti qızışdırmaq lazım deyildi. Prezident Administrasiyasında, yaxud Mədəniyyət və Turizm Nazirliyində, sözü keçən adamların iştirakı ilə onları barışdırmaq və bu cür halların mədəniyyət, incəsənət adamına yaraşmadığını bir daha diqqətlərinə çatdırmaq lazım idi". A.Qazıyev hesab edir ki, telekanallar, mətbuat sənətdəki daha qlobal problemlərə işıq salmalıdır.

Xalq artisti, sevimli muğam ustası Mələkxanım Əyyubova hesab edir ki, efirdə, mətbuatda təhqiramiz ifadələr, əvvəla, qadına, ikincisi isə xalq artistinə, sənətkara yaraşmır: "Biz özümüzə nəzarət etməliyik. Xalq bizdən örnək götürür, xalqa, gənclərə nümunə olmalıyıq. Bu gün qürrələnirik ki, dövlət bizə bu cür titullar verib. Belə olan halda xalqın qarşısında ağzımıza gələni danışsaq hansı nümunəvilikdən danışırıq? Əslində sənətkarlıqla bərabər insanın şəxsiyyəti də vacibdir".

Xalq artistinin sözlərinə görə, verilən titulların geri alınmasındansa, o titulların verilməsinsdə diqqətli olmaq lazımdır: "Titulların verilməsi üçün təqdimat gedir. Təqdimatı verən insanlar yaxşı bilirlər ki, kim ada layiqdir, kim yox".

M.Əyyubova hesab edir ki, millət vəkilləri xalqın içindən sayılıb-seçilən adamlardı və onların xalq artistlərinə, sənətkarlara söz deməyə, irad bildirməyə haqları çatır: "Məsələ ondadır ki, sabah kimsə bizə bir söz desə onlar müdafiəmizə qalxacaqlar, bizə dayaq, dəstək olacaqlar. Millət vəkilləri təkcə qanunvericliklə məşğul olmamalıdırlar. Bu cür məsələlərə rəy bildirməlidilər. Bu gün internet var, informasiya texnologiyaları inkişaf edib, bütün baş verənlər dünyaya çıxır. Mən şəxsən suyu üfürə-üfürə içirəm ki, adımın qarşısında artıq-əksik söz hallanmasın. Evdə ailəm var, nəslim-köküm, məni sevən insanlar var, tələbələrim var. Bunları düşünən insan öz hərəkətinə, əxlaqına fikir verər, düşünməyən ağzına nə gəlirsə danışar".

Xalq artisti, görkəmli muğam ustası Aygün Bayramova xalq artistləri arasında söz-söhbətin olmamasının tərəfdarıdır: "Amma təəssüf ki, belə hallar baş verir. Əvvəllər sənət adamları arasında söz-söhbət olurdu, bəzən iki adam bir-birini on illərlə danışdırmayıb, amma ictimaiyyət bunu bilməyib, hər şey pərdə arxasında qalıb. Bəlkə dövr dəyişib deyə indi hər şeyi hamı bilir. Şəxsən mən sənət adamı olaraq istəməzdim ki, bu cür xoşagəlməz hallar olsun. Mənə elə gəlir ki, zaman lazımdı ki, o problemlər həllini tapsın". A.Bayramova İ.Quliyevanın məlum ifadəni işlətdiyi verilişə baxmadığını dedi: "Amma istəmərəm ki, sənət adamları arasında söz-söhbət yaransın, pis ifadələr işlədilsin".

AzNews.az