Xarici telekanalda musiqiçilərimiz haqqında süjet

Rusiyanın "Rossiya-kultura" telekanalında Azərbaycanın məşhur qaval ifaçısı Mahmud Salah və onun rəhbərlik etdiyi "Qədim Şərq" ansamblının Moskvada keçirilən "Dostları toplayırıq" VII Beynəlxalq musiqi festivalındakı çıxışından bəhs edən süjet təqdim olunub.

AzNews.az AzərTAc-a istinadən xəbər verir ki, süjetdə festival haqqında məlumat verilir və bildirilir ki, Moskvaya Norveç, Avstriya, Kolumbiya, Yaponiya, Hindistandan olan ifaçılar gələcəklər.

Hələ ki dəvət edilən musiqiçilərin konsert verdiyi diqqətə çatdırılaraq qeyd olunur ki, avqustun 2-də Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Raxmaninov salonunda Azərbaycanın "Qədim Şərq" ansamblı çıxış edib.

Bildirilir ki, azərbaycanlı musiqiçilər festivalda birinci dəfədir iştirak edirlər.

Süjetdə Mahmud Salahın "Qədim Şərq" qrupunu Azərbaycanın milli muğam ansamblında olduğu kimi tar, kamança, qaval ifaçısı və xanəndədən ibarət yaratdığı vurğulanır.

Həmçinin nəzərə çatdırılır ki, Mahmud Salah hazırda Azərbaycan Milli Konservatoriyasında qaval ifaçılığı fənnini tədris edir.

AzNews.az