Firuz Mustafa İsrafil İsrafilova “hoqqabaz” dedi

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov APA-ya müsahibəsində yazıçı-dramaturq Firiz Mustafanın yaradıcılığının üstündən qara xətt çəkib.

Direktor bildirib ki, o, Firuz Mustafanın 12 pyesini oxuyub, lakin onların birindən belə tamaşa hazırlamaq mümkün olmayıb.

Yazıçı-dramaturq Firuz Mustafa AzNews.az-a açıqlamasında Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun 25 ildə maska taxdığını bildirib: "İsrafil İsrafilov yaradıcı adamdan daha çox siyasi kariyeristə oxşayır. Onun ədəbiyyat haqqında fikirləri solğun, bəsit və primitivdir.

O, mənim əsərimi bəyənməyə bilər. Qoy mənim yaradıcılığım haqqında ədəbiyyat adamları, dramaturgiya tənqidciləri söz desin. Mən onunla bircə dəfə görüşdüm, orada mənim əsərim repertuarda idi.

Ağakişi Kazımov "Bəyaz kölgələr" pyesimi tamaşaya hazırlayırdı. Mən də kitabımı verib çıxdım. İsrafilov yoldaş deyir ki, Əli Əmirlinin bir pyesini yarıyacan oxuyub dedim ki, bu, zəif əsərdir. Bunu bildik.

Sonra da ərz edir ki, Firuz Mustafanın on iki pyesini oxudum, o əsərləri tamaşaya qoymaq olmaz. Əgər 12 pyesi oxuyubsa, deməli, orada nəsə olub. Buyursun, tənqid etsin, ümumi sözlərlə danışmasın. Ona qalarsa, kimsə Şekspir haqqında da deyə bilər ki, oxuyuram, məni qane eləmir. Bu, əlbəttə, şərt deyil.

"Qoymaq olmaz" deyib hökmlə danışır. 25 ildə onun çıxarmadığı hoqqalar, geymədiyi don, taxmadığı maska yoxdur. Hər gələn hakimiyyətə "xod" tapıb siyasi konyektura ilə məşğul olur. Gah icra başçısı, gah muzey işçisi, gah teatr direktoru, gah da Mərkəzi Komitə təlimatçısı olur. Bir vaxtlar teatrda zəif aktyor olub, amma həyatdakı rollarını görünür hələlik pis oynamır. Teatrı pis günə salıb. Özü guya rejissorluqla məşğul olur. İndi də teatr arbitri, jandarmı, polisi kimi çıxış edir. Bu adam nə vaxt dramaturgiya ilə ciddi məşğul olub, nə vaxt oxuyub ki, bir düz- əməlli yaradıcılıq işi ilə məşğul olsun? Mən yaradıcılıqda belə bir adam görmürəm".

Bahar Rüstəmli
AzNews.az