TRT-nin baş direktoru Azərbaycana səfərə gəlir


Bakıda TRT-nin baş direktoru İbrahim Şahinə fəxri doktor diplomu və "Türk dünyası üstün xidmət mükafatı" təqdim ediləcək. TRT-nin Bakı təmsilçiliyindən APA-ya bildirilib ki, Odlar Yurdu Universiteti və TRT-nin əməkdaşlığı çərçivəsində fəxri doktor diplomu İ. Şahinə türk mədəniyyətlərinin dünyaya tanıdılması, Qarabağ problemi və Xocalı soyqırımının bütün dünyaya çatdırılması, iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və genişləndirilməsində göstərdiyi xidmətlərə görə veriləcək.

Bununla yanaşı, İ. Şahin Azərbaycanın 3 qeyri-hökumət təşkilatı tərəfindən "Türk dünyası üstün xidmət mükafatı"na layiq görülüb. Azərbaycan Mətbuat Şurası, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi, Avrasiya Beynəlxalq Mətbuat Fondu İbrahim Şahini türk dünyasına göstərdiyi xidmətlər və "TRT Avaz" kanalının fəaliyyəti, nailiyyətləri münasibətilə mükafatlandıracaq.

TRT-nin Bakı təmsilçisi Yüksəl Dəyərcan İ. Şahinin sentyabrın 30-da Bakıya gələcəyini və eyni gün saat 09.45-da Odlar Yurdu Universitetində təşkil olunacaq mərasimdə fəxri doktor ünvanına layiq görüləcəyini bildirib. İ. Şahin Atatürk Mərkəzində təşkil olunacaq tədbirlə yanaşı, Azad Azərbaycan Televiziyası (ATV) ilə işbirliyi protokolu da imzalayacaq.

AzNews.az