Rəsulzadənin əsərləri “Qanun”iləşir

"Qanun" nəşrlər evi Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin V cildini təqdim edib. AzNews.az xəbər verir ki, kitab Cümhuriyyət günü münasibətilə nəşr olunub.

Kitabı araşdırıb toplayan, ərəb əlifbasından latın əlifbasına çevirən, ön sözün müəllifi, lüğətin tərtibçisi professor Şirməmməd Hüseynovdur. Kitab "Qanun" nəşriyyatı hesabına nəşr olunub.

Neçə min illik dövlətçilik tarixi və ənənəsi olan Azərbaycanda ilk dəfə "Azərbaycan" adlı müstəqil, demokratik Xalq Cumhuriyyəti dövlətinin banisi, istiqlal hərtəkatının bayraqdarı, "Müsavat" partiyasının lideri və ideoloqu M.Ə.Rəsulzadənin əsərlərinin V cildinə onun 1918-ci il fevral-1920-ci il aprel aylarında mətbuatda və rəsmi sənədlərdə dərc edilmiş 100-dən artıq əsəri daxil edilib. Tariximizin bu mötəbər dövrünün həm böyük yaradıcı memarı və həm də istedadlı tarixçisi olan M.Ə.Rəsulzadənin zəngin irsinin tədqiqi, öyrənilməsi və təbliğində bu əsərlər ən qiymətli mənbələrdən sayıla bilər.

Qeyd edək ki, 564 səhifədən ibarət kitabın transliterasiya redaktorları professor Şamil Vəliyev və elmi işçi Samir Xalidoğludur.

İntiqam Valehoğlu
AzNews.az