Azərbaycanın Xalq artisti, kamança ustası Habil Əliyevin AzNews.az-a müsahibəsi Azərbaycanın Xalq artisti, kamança ustası Habil Əliyevin AzNews.az-a müsahibəsi

Habil Əliyev: “Məni kövrəltməyin, indi ağlayaram” (MÜSAHİBƏ)

Azərbaycanın Xalq artisti, kamança ustası Habil Əliyevin AzNews.az-a müsahibəsi

-Habil müəllim, səhhətiniz necədir?

-Allaha şükür çox yaxşıyam. Allah hamını yaxşı etsin. Xalq yaxşı olanda mən də yaxşı oluram. Səhhətim də qaydasına düşür. Amma birdə baxırsan ki, özümün-özümə gözüm dəyir.

-Səhhətinizdə problemlər olduğu zaman sizinlə maraqlananlar oldumu? Sənət dostlarınızdan bu diqqəti görə bildinizmi?

-Gəlməyən adam oldu ki? Hamıdan razıyam. Telefon da susmadı. Elə bir adam omadı ki, mənimlə maraqlanmasın. Hətta deyirdim, xahiş edirdim ki, gəlməsinlər. Onlara da çətindi axı... Əziyyət çəkmələrini istəmirdim. Hamısından xahiş edirdim ki, əhvalım əladır. Məni də ağsaqqal seçiblər. Deyirəm ki, hələ ağsaqqal olmağa yaşım çatmır, 90 yaşım var. Ağsaqqal olmaq üçün hələ 10 il də yaşamaq lazımdır. Allah hamısını var eləsin.

-Yaşadığınız bu illər ərzində unuda bilmədiyiniz hadisə varmı?

-Məni kövrətməyin, indi ağlayaram.

-Niyə, sizi ağladan nədir?

-Xəstə olanda bircə şey keçdi könlümdən, "evlənmək" istədim. (gülür) Adam yaşa dolanda çox kövrək olur. Kövrəklik də nədən əmələ gəlir? Evdə arvad adama ərkəsöyün münasibət göstərir. Qohumlar da arvaddan betər. Bundan da ərkəsöyünlük yaranır. Adamı o qədər şirin danışdırırlar ki, kövrəkləşirsən. Mən də sağlığınıza, kövrəkliyi də keçmişəm. Dindirən kimi ağlayıram. Bax indi müsahibə uzansa uşaq kimi ağlayacağam. Uşaqlarım da yanımdadır, yanımdan bir an olsun ayrılmırlar.

-Artıq səhhətiniz normallaşıb. Yəqin ki, istirahət üçün vaxt ayırmaq da olar. Xəstəliyin rahatsızlığını unutmaq üçün istirahətə getməyi düşünürsünüzmü?

-Mən onsuz da elə istirahətdəyəm. Evdəkilərin isə istirahətə pulları yoxdur. Ona görə də heç hara gedə bilmədilər, yanımdadırlar. Uşaqlarım isə artıq həkimdir. Hərdən deyirəm ki, sizi də həkim etdim.

-Tədbirlərə necə, yenə dəvətlər gəlirmi?

-Yəqin düşünürlər ki, artıq gələ bilməz. Odur ki, çox yerə dəvət etmirlər. Bəzən zəng edib, məni həmin tədbirə çağırmamalarının səbəbini soruşuram. Onlar da deyir ki, Habil müəllim, düşündük ki, gələ bilməzsən. Allaha şükür olsun ki, mən yaşıdlarımla müqayisədə yaxşıyam. Doğrusu yaşıdlarımdan çoxu burda deyil, o dünyadadır.

-Belə mühit sizi darıxdırmır?

-Yox, indi doyunca arvadıma baxıram. Hələ arvadımı indi görmüşəm. Əvvəldən onu belə görsəydim heç almazdım. (gülür)

-Ötən günləri – yaradıcılığınızın lent yazılarına yenidən baxırsınızmı?

-Baxmıram. Əvvəllər baxardım, sonra da ürəyim xarab olurdu. Cavanlığımı xatırlayardım. Yadıma elə şeylər düşür ki, baxmasam daha yaxşıdır.

Bahar Rüstəmli
AzNews.az