“Bu, mənim üçün böyük sürpriz oldu” – Xalq artisti Şəfiqə Məmmədova

Məlum olduğu kimi dünən Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Azərbaycan Kinemotoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.


Xalq artisti sərəncamla bağlı münasibətini açıqlayıb.

O, AzNews.az-a bu diplomun onun üçün gözlənilməz olduğunu deyib: "Belə bir mükafata layiq görüldüyüm üçün əlbəttə ki, prezidentə çox-çox minnətdaram. Bu, mənim üçün böyük sürpriz oldu".

Qeyd edək ki, Şəfiqə Məmmədova 30 mart 1945-ci ildə Dağıstanın Dərbənd şəhərində doğulub. Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib (1968). Anarın "Şəhərin yay günləri" pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycan Dövlət mükafatına (1980), Rasim Ocaqovun çəkdiyi "İstintaq" filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına (1981) layiq görülüb.

Şəfiqə Məmmədova "Qaraca Qız" (Qız), "Dədə Qorqud" (Burla xatun), "İstintaq" (Gülya), "Bizim Cəbiş müəllim" (Cəbişin arvadı), "Ad günü" (Fəridə), "Çarvadarların izi ilə" (Səriyyə) bədii filmlərinə çəkilib.

Bahar RÜSTƏMLİ
AzNews.az