- Köhnə - Mədəniyyət
- 11 Aprel 2015 11:50
- 18 591
“Çox böyük aktyorumuzu işdən qovdular, meyidi 3 gün sonra tapıldı” – Teatr direktoru
“Tamaşa getdiyi yerdə işıqlar sönür”
"MƏNİ GÖRMÜRLƏRSƏ, DEMƏLİ, MƏN YOX SƏVİYYƏSİNDƏYƏM"
"NӘ İSӘ, SİZ SORUŞURSUNUZ, MӘN DӘ DEYİRӘM..."
Bakı Uşaq Teatrının direktoru İntiqam Soltanın AzNews.az-a müsahibəsi:
- Teatr mövsümün ikinci yarısındayıq. Bakı Uşaq Teatrının yaradıcılıq planında nələr var?
- Biz "Meydan Tamaşaları Festivalı" keçirmək istəyirik. Necə vaxtdır ki, deyirəm, amma həyata keçirə bilmirəm. Bunu Azərbaycanda ilk dəfə olaraq mən edəcəm. Layihə sentyabra saxlanılıb. Küçələrdə tamaşa oynamaq bir az çətindi. İnanıram ki, bu cür festivallar Azərbaycan tamaşaçısına çox şey verә bilәr. Çünki bizim tamaşaçılarımız daha çox meydan tamaşalarına meyllidir. Çәtinliklәrә baxmayaraq, işlərimiz gedir. Bu saat teatrda iki diplom tamaşası hazırlanır. Biri "Göyçək Fatma", digәri isə "Tıx-tıx xanım"dır. Bundan sonra isә Cəlil Məmmədquluzadəyә, Mirzə Ələkbər Sabir yaradıcılığına müraciət etmәk niyyәtindәyәm. Tәəssüflә deyә bilәrәm ki, Mirzə Ələkbər Sabir yaradıcılığına teatrlarımız yetәrincә müraciәt etməyib. Halbuki, onun hər bir satirası böyük bir tamaşaya bərabərdir. Son işlәrimizdәn biri insan alveri ilə bağlı olan tamaşamızdır. "Günahsız günahkarlar" adlanan və böyüklәr üçün nәzәrdә tutulan bu tamaşanın sifarişçisi Gәnclәr vә İdman Nazirliyidir. Yaxın vaxtlarda bu tamaşanın nümayişinə başlamaq istəyirik. Bundan başqa soyqırımla bağlı tamaşamız da var. Bu, soyqırımla əlaqəli yeganə tamaşadır. İstəyirik ki, bu tamaşanın təbliğatını genişləndirək. Sözü gedәn "Qucaqla mәni" tamaşasıdır ki, bu, Cəfər Cabbarlının "Əhməd və Qumru" hekayәsinin motivlәri əsasında Arzu Soltan tәrәfindәn qәlәmә alınıb.
- Rəhbərlik etdiyiniz teatrın bəxtinə didərgin həyatı yaşamaq nəsib olub. Yaranan gündən o qapıdan bu qapıya, bu qapıdan da o qapıya...
- Teatrın vahid məkanı olmayıb. Qismәtimizә "Təkər üstündə teatr" yaratmaq nәsib olub. Bu, çox çətin və əziyyətlidir. Lakin bütün bu çәtinliyә baxmayaraq, çalışırıq ki, işlәrimiz tempdәn düşmәsin. Mәsәlən, son iki aydakı gördüyümüz işlәrә nәzәr salsaq, aşağıdakı mәnzәrәnin şahidi olarsınız. Biz fevral-mart aylarında 20 gün (hәr gün bir rayonda) qastrol səfərində olduq. Sonuncu rayon Lerik idi. 7 martda Lerikdən gələn kimi iki gündən sonra "Bir teatr, bir festival" layihəsi çәrçivәsində festival keçirdik. Bundan iki gün keçmişdi ki, "İkinci Beynәlxalq Novruz festivalına" qatıldıq. İçərişəhərdə keçirilən festivalda aparıcı qüvvələrin biri biz olduq. Bunun ardınca isə Beynəlxalq Teatr günü ilə bağlı mən Türkiyəyə yollandım. Qaldı ki, qapılarda, küçәlәrdә qalmağımıza, mәn bu sualınıza belә cavab verәrdim. Başın üstə yağış yağmayanda, ayağın palçığa batmayanda adam vətənini tanımır. Adam bilmir ki, yağışdan qorunmaq üçün mən necə tamaşa qurmalıyam? Çöldə olmasan, küləyin haradan əsdiyini bilə bilməzsən. Küləyin xəzri, yaxud gilavar olduğunu biləndə mən tamaşaçıya daha yaxın oluram. Bəlkə də mən daha çox lirikaya varıram, amma neynəyim, günümüzün reallığıdır vә mәn optimist olmağa çalışıram.
- Hazırda Bakıda "Əli və Nino" filmi çəkilir. Amma təəssüfedici məqam isə budur ki, "Əli və Nino" filminin yaradıcı heyətinin 90 faizi kənardan gətirilib.
- Bəs, Mədəniyyət və İncəsənət Universitetini bitirəndən sonra teatr, aktyor sözünün mənasını bilməyəndə bilmirdikmi axırı belə olacaq? Görürsünüz ki, ağrılıdır. Bu, tamaşaçını ağrıdırsa, mən sәnәt adamı özümü təhqir olunmuş hesab edirəm. Niyə aktyor heyəti kənardan gətirilməlidir? Çünki özümüz onun öhdəsindən gələ bilmirik. Əgər öhdəsindən gələ bilsəydik, tәşkilatçılar meydanı әcnәbi sәnәtçilәrә verməzdi. Heç kəs qazancını kənara verməz. "Əli və Nino" özümüzünkülәr tәrәfindәn dә çəkilib. Hanı? Əgər o film yararlı olsaydı, üzə çıxarardlar? Təkrar çəkməzdilər. Bunun obyektiv və subyektiv səbəbləri var. Amma fakt faktlığında qalır. Əgər məni görmürlərsə, deməli, mən yox səviyyəsindəyəm.
- Dövlət sənət adamlarına bu qədər diqqət edir, ev, Prezident təqaüdü, mükafat verir. Amma bu boyda diqqətin qarşılığında onlardan lazımı sənəti ala bilmir?
- Nəinki pul, nəinki ev, çox şey alanlar var. Amma bizim, yәni Uşaq Teatrının aktyorlarının heç birinin fəxri ada namizədliyi də yoxdur. Əslində, mən fəxri adın heç də tərəfdarı deyiləm. Ona görə yox ki, mənim adım yoxdur. Sevənlərim mənə bəhs edir. Gәlin, bu mәsәlәyә bir az başqa rakursdan baxaq. Aktyoru aktyor edən onun ətrafındakı aktyorlar vә digәr iş yoldaşlarıdır. Baxın, aktyor tamaşada görünür. Kimin hesabına?! Aktyoru tamaşaçıya tәqdim edən kimdir. Rejissordur, işıqçı, rəssam bəstəkar, dekarator, süpürgəçi vә s... Bir nəfərə fəxri ad veriləndə süpürgəçi düşünür ki, mən dünən sənin ayağının altını təmizləməsəydim, sən bu qədər gözəl görünə bilməzdin". Dərzi deyir ki, "Mən sənin paltarını bu cür gözəl tikməsəydim, sən səhnədə bu cür gözəl görünə bilməzdin". Rejissor deyir ki, "Mən səni quruluş zamanı əks istiqamətdə yönәltsəydim, sən bu qədər gözəl görünə bilməzdin". Aktyor deyir ki, "Mən sənin tərəf müqabilin olub sən "Hökmdar"ı oynayanda mən sənin qarşında baş əyməsəydim, səni "Hökmdar" kimi tamaşaçıya təqdim etməsəydim, sәn sәhnәdә görünə bilməzdin". Deməli, bir nəfərin fəxri ad almağı ilə teatrda neçə nəfər yaralanır. Neçə nəfər arasında soyuqluq yaranır, aktyorlar, texniki işçilər pərən-pərən düşür. Sadəcə belә deyәk, əgər "Məlikməmməd"in atası "Məlikməmməd"ə etdiyi münasibəti qardaşları "Məlikcümşüd"ә, "Mәlikәhmәd"ә etmiş olsaydı, onlar heç də "Məlikməmməd"dən geri qalmazdılar. Mən bunları teatr rәhbәri kimi yox, birbaşa aktyor kimi deyirəm. Bizim bir gәnc aktyor var. Mən onu düzgün yola çəkmək üçün yükünü ağırlaşdırdım. Yəni, səhnədə məsuliyyətini artırdım. Mədəniyyət və İncəsənət Universitetinin 4 ildə ona verə bilmədiyini mən bir ayın içində verdim. Zaldan çıxan "filankəs nə gözəl oynadı" deyirdi. Bu adamı mәsuliyyәt vә tamaşaçı dəyişdi. Әslindә isә bu mənim o, aktyora diqqətimin nәticәsi idi. Yükü ağırlaşmasaydı, o, görünməyəcəkdi. Bir dә mәsuliyyәt mәsәlәsi dә var axı. Kim ki, bunu hiss edir, yaxşılığa doğru tamam dəyişir, irәlilәyir. Biz yaxın günlərdə bir aktyoru itirdik. Oqtay Quliyev... Oqtay Quliyevin meyiti ölümündən bir neçə gün sonra evində tapıldı.
- Heç kimi yox idi?
- Bu adam 54 yaşında dünyasını dəyişdi. Bakı Uşaq Teatrında işləyəndə mən onu öz hesabıma müalicə etdirdim. Daha doğrusu, bu məsələdə mənə həkim dostlarım kömək elədi. Heç bir xərc çəkmədən Oqtay müəllim müalicə olundu. Bir il 4 ay bu adam dilinə içki vurmadı. Sonra yenә başladı. İçkili halda səhnəyə çıxdığına görə dedim ki, Oqtay mən səninlə işləyə bilmərəm. Heç bir teatr onu qapıdan içəri buraxmadı. Bizim imkanımız və şəraitimiz yoxdur. Bircә otağımız var, aktyor içkili gələndə digərlərinə də pis təsir edir. Düşünürәm ki, aktyor səhnəyә içkili çıxırsa, bu adamla işlәmәk mümkün deyil. Elә bu xasiyyәtinә görә Oqtayı bütün teatrlar qapıdan qaytarırdılar. Amma Azərbaycan teatrlarında, inanın ki, Oqtay bərabərliyində aktyor yox idi. Yaradıcılığının çiçəklənә bilәn bir dövründə biz onu itirdik. Niyə, çünki onun bir zəif cəhəti vardı-içirdi. Amma biz onu müalicə etdirə bilərdik. Uşaq teatrında 50-dən çox tamaşa oynadı, festivallara getdi . İnanın ki, ömrünün sonunda gəldi yanıma, utandı ki, desin "Məni qovublar teatrdan".
- Hansı teatrdan?
- Teatrların birindən onu qovdular. Ad çəkməyək. Dedi ki, "İncidim, heç yuxarı qalxmadım, qapının ağzında ərizə yazıb çıxıdım". Әslindә isә qapının ağzındaca ərizəsini alıb əmək kitabçasını özünə vermişdilər. Bir dərdini soruşan olmamışdı ki, sən niyə içirsən? Gəldi yanıma dedi ki, "Gəlmişəm, mənə iş ver". Dedim ki, Oqtay içəcəksənsə, biz işləyə bilməyəcəyik. Dedi "Yox, içməyəcəm". Dedim ki, biz gedirik qastrola, gələndə danışarıq. Gəlmədi, eşitdim ki, dünyasını dәyişib. Sən demə elə həmin günü ölüb. Mәnim yanıma gәldiyi gün. Qapını sındırıb içəri giriblər, görüblər ki, ölüb. Şəraitsizlik, imkansızlıq, diqqətsizlik böyük sənətkarları bu yola aparıb çıxara bilər. Amma Azərbaycanın adından gözəl danışırdı. Bu adamın əmək fəaliyyəti səhnə fəhləliyindən başlamışdı.
- Bakı Uşaq Teatrı məktəblərə gedir?
- Hə, әlbәttә, bizim öz məkanımızda tamaşa oynamaq çox çətindi axı. Tamaşa oynaya bilərik, amma tamaşaçı orada dar çərçivədədir. Məkanımız mərkəzdən 25 km uzaqdır. Uzun sözün qısası, hər halda küləyin istiqamətini tutmağa cəhd edirik. Bu istiqamıtdә getsək, külək bizi toz-torpağa batırmayacaq. Heç olmasa, teatrı, mədəniyyəti qoruyub, saxlamaq lazımdır. Mən öz işimi görürəm. Yer vermәk məsələsi kimə aiddirsə, o da öz işini görməlidir. Tәbii ki, teatr mərkəzdə olmalıdır. İndi fəaliyyət göstərdiyimiz yer teatr üçün yararsızdır. Bir də baxırsan ki, tamaşa getdiyi yerdə işıqlar sönür. Nә edәk, deyәk ki, ay tamaşaçı gözləyin, işıqlar yansın, sonra? Nә isә, siz soruşursunuz, mәn dә deyirәm...
Bahar RÜSTƏMLİ
AzNews.az