Ötən ilin eyni dövrünə nisbətdə 11.8% artım olub Ötən ilin eyni dövrünə nisbətdə 11.8% artım olub

Azərbaycana gələn pakistanlı turistlərin sayı artdı

Ötən ilin eyni dövrünə nisbətdə 11.8% artım olub

Azərbaycan Turzim Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən 14 turizm şirkəti Pakistanın Karaçi şəhərində keçirilən “Pakistan Travel Mart” sərgisində iştirak edib.

Azərbaycan Dövlət Turizm Agentliyindən bildirilib ki, sərgidə ziyarətçilərə Azərbaycanın turizm potensialı, turizm marşrutları, hotelləri, milli mətbəxi və.s barədə ətraflı məlumatlar verilib. Onlara Azərbaycanın təhlükəsiz yer olması, viza qaydalarının asanlığı, hava şəraitinin əlverişliliyi, qida çeşidlərinin bolluğu, həmçinin xalqlar arasında yaxın dostluq əlaqələrinin mövcudluğu kimi səbəblərə görə Pakistan vətəndaşları üçün uyğun destinasiya sayıldığı bildirilib.

Sərgi çərçivəsində Pakistanın turizm şirkətləri ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib, ikitərəfli əməkdaşlığa dair qarşılıqlı fikir mübadələsi aparılıb.

Oktyabrın 10-dək davam edəcək “Pakistan Travel Mart” Pakistanda səyahət, turizm və qonaqpərvərlik sahələrində bütün maraqlı tərəfləri birləşdirən geniş spektrli səyahət və turizm sərgisidir.

2017-ci ildən etibarən hər il keçirilən sərgiyə dünyanın 20-yə yaxın ölkəsindən 450-dən çox turizm şirkəti qatılır və sərgini ümumilikdə 25000-dən çox şəxs ziyarət edir.

Qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən pakistanlı turistlərin sayı 33 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 11.8% artım deməkdir.

AzNews.az