Azərbaycanın qeyri-neft ixracı azalıb

Bu ilin I yarısında Azərbaycanın 7,7 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə 912 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında qeyd edilib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft ixracı 67,6 milyon ABŞ dolları və ya 6,9% azalıb.

Yanvar-iyun aylarında Rusiyaya 370,3 milyon, Türkiyəyə 177,2 milyon, İsveçrəyə 96,1 milyon, Gürcüstana 76,7 milyon, Çinə isə 28,3 milyon ABŞ dolları dəyərində qeyri-neft malı ixrac olunub. İllik müqayisədə Rusiyaya qeyri-neft ixracı 4,3%, İsveçrəyə 30,7%, Çinə isə 65,5% artıb.

Hesabat dövründə qeyri-neft sektoruna aid malların siyahısında pomidor (162,3 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 85.7 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (58,6 milyon ABŞ dolları) isə üçüncü olub.

6 ay ərzində meyvə-tərəvəz ixracı 328 milyon, pambıq lifi ixracı 59,4 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 40,9 milyon, kimya sənayesi məhsullarının ixracı 40,6 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,3 milyon, pambıq ipliyi ixracı 9,9 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 6,5 milyon, şəkər ixracı 7,7 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 11,4 milyon, çay ixracı 4,8 milyon ABŞ dolları gəlir gətirib.

Təkcə bu ilin iyun ayında qeyri-neft sektoru üzrə ixracın dəyəri isə 190,4 milyon ABŞ dolları təşkil edib. Xüsusilə yeyinti məhsulları ixracının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 milyon ABŞ dolları və yaxud 10% artıb. Bundan əlavə, qeyri-neft sektoru ixracın ümumi ixracda payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz bəndi artaraq 26,7% olub.

Bu ilin iyun ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (99,3 milyon ABŞ dolları), Türkiyəyə (32,9 milyon ABŞ dolları), İsveçrəyə (24,6 milyon ABŞ dolları), Gürcüstana (6,2 milyon ABŞ dolları) və Ukrayna (5,1 milyon ABŞ dolları) ixrac edilib. Ay ərzində qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor - 39,2 milyon ABŞ dolları) birinci, təzə albalı və gilas (32,2 milyon ABŞ dolları), qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 21 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb. (Report)

AzNews.az