- Pullu iş
- 9 İyul 19:42
- 2 400
Azərbaycan və Tacikistan tekstil sektorunda gücləri birləşdirir - ŞƏRH

Azərbaycan Tekstil Assosiasiyası ilə Tacikistanın Pambıq və Tekstil Assosiasiyası arasında əməkdaşlıq haqqında imzalanan Anlaşma Memorandumu təkcə iki qurum arasında hüquqi sənəd deyil, eyni zamanda Cənubi Qafqaz və Orta Asiya regionları arasında sənaye inteqrasiyasının yeni mərhələsinə açılan bir qapıdır. Bu cür əməkdaşlıqlar geosiyasi baxımdan yaxın regionların birgə iqtisadi güc formalaşdırması baxımından xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə də tekstil kimi həm kənd təsərrüfatı, həm sənaye, həm də ixracla bilavasitə bağlı olan sahədə bu cür strateji əməkdaşlıq regional rəqabət gücünü artırmaqla yanaşı, dayanıqlı istehsal və texnologiyaların ötürülməsi baxımından da önəmli rol oynaya bilər.
Memorandumun əsas istiqamətlərindən biri tekstil sənayesinin dayanıqlı kənd təsərrüfatı ilə inteqrasiyasıdır. Bu isə ipəkçilik, pambıqçılıq kimi sahələrdə əlavə dəyər zəncirinin daha səmərəli qurulmasını və bu məhsulların beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsini təmin edə bilər. Tacikistanın xammal potensialı ilə Azərbaycanın emal və loqistika imkanlarının birləşdirilməsi hər iki ölkə üçün rəqabətqabiliyyətli məhsul modellərinin formalaşmasına zəmin yaradır. Əlavə olaraq, bu istiqamətdə yaradılacaq yeni istehsal və emal müəssisələri yerli məşğulluğun artırılmasına və regionlarda iqtisadi fəallığın güclənməsinə töhfə verəcək.
Səfər çərçivəsində keçirilmiş beynəlxalq forum və yüksək səviyyəli görüşlər, xüsusilə də Beynəlxalq Tekstil İstehsalçıları Federasiyası (ITMF) ilə baş tutan müzakirələr, Azərbaycanın tekstil sektorunda beynəlxalq strukturla inteqrasiyası üçün yeni imkanlar açır. ITMF-in rəhbər strukturları ilə aparılan dialoqlar, həmçinin Azərbaycanın bu federasiyaya mümkün üzvlüyü ölkəmizə texnoloji transformasiya, istehsalın rəqəmsallaşdırılması və keyfiyyət standartlarının beynəlxalq səviyyədə uyğunlaşdırılması baxımından strateji fayda verə bilər. Bu, həm də yerli müəssisələrin xarici investorlar üçün daha cəlbedici olmasını təmin edəcək və tekstil sahəsində “Made in Azerbaijan” brendinin beynəlxalq tanınmasına dəstək olacaq.
Bütün bu proseslər kontekstində Azərbaycanın qeyri-neft sektorunun əsas prioritetlərindən biri olan yüngül sənayenin gücləndirilməsi istiqamətində atılan bu addım məqsədyönlü, davamlı və perspektivli iqtisadi kursun tərkib hissəsidir. Regionlararası əməkdaşlığın genişlənməsi, texnologiya ötürülməsi, kənd təsərrüfatı və sənayenin sinxron inkişafı, eyni zamanda ixrac coğrafiyasının diversifikasiyası baxımından bu kimi təşəbbüslərin dəstəklənməsi, strateji planlaşdırma ilə müşayiət olunarsa, tekstil sektoru yaxın gələcəkdə Azərbaycanın aparıcı ixrac sahələrindən birinə çevrilə bilər.
Nuray,
Aznews.az


