- Türkiyə
- 9 İyul 16:11
- 2 637
İmamoğlunun məhkəməsi TRT-dən yayımlanacaq?- Ərdoğan "yaşıl işıq" yandırdı

Erdoğandan Bahçeliyə dəstək: “TRT-də yayımlanması gözəl təşəbbüsdür”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MHP lideri Dövlət Baxçalının İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) ilə bağlı məhkəmə proseslərinin TRT-də yayımlanması təklifinə müsbət yanaşdığını bildirib. O, bu çağırışı “çox gözəl bir təşəbbüs” adlandıraraq “xeyirli olsun” sözləri ilə dəstəkləyib.
Xatırladaq ki, CHP lideri Özgür Özəl İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun iştirak etdiyi məhkəmə proseslərinin şəffaflıq naminə dövlət televiziyası tərəfindən canlı yayımlanmasını təklif etmişdi. Daha sonra MHP sədri Dövlət Baxçalı bu çağırışı dəstəkləmişdi. O, “Türk milləti həqiqətləri görsün” demiş və bunun “ağ qoyunla qara qoyunun” ayrılması baxımından önəmli olduğunu vurğulamışdı.
Prezident Ərdoğanın da bu təklifə müsbət münasibət bildirməsi məsələni daha da aktuallaşdırıb. O bildirib ki, bu təşəbbüs həm cəmiyyətin məlumatlandırılması, həm də hüquqi proseslərə ictimai etimadın artması baxımından faydalı ola bilər.
Ədalət naziri Yılmaz Tunç isə məsələ ilə bağlı bildirib ki, hazırkı qanunvericilik belə bir yayıma imkan vermir. Cəzaların İcrası Məcəlləsinin 183-cü maddəsinə əsasən, məhkəmə proseslərinin çəkilməsi və yayımı qadağandır. Lakin bu məsələdə qanun dəyişdirilərsə, yayım texniki baxımdan mümkün ola bilər.
Hazırda gözlər Türkiyə Böyük Millət Məclisində bu məsələ ilə bağlı atılacaq addımlara yönəlib.
Mövsüm,
AzNews.az