Enerji siyasətində trilemma - ŞƏRH

Vyanada keçirilən 9-cu OPEC Beynəlxalq Seminarında Azərbaycanın energetika naziri Pərviz Şahbazovun səsləndirdiyi fikirlər bir neçə kritik məqamı gündəmə gətirdi. Bu məqamlar əsasən enerji təchizatı, davamlı inkişaf və qlobal enerji balansında karbohidrogenlərin mövqeyi ilə bağlıdır.

Nazirin açıqlamaları bir daha təsdiqlədi ki, Azərbaycanın enerji siyasəti artıq yalnız regional çərçivədə deyil, qlobal enerji təhlükəsizliyinin əsas sütunlarından biri kimi qəbul edilir. Hazırda ölkə 20-dən çox dövləti neft, 12 ölkəni isə təbii qazla təmin edir. Xüsusilə Gürcüstan, Bolqarıstan, Yunanıstan, İtaliya və Türkiyə kimi ölkələrdə Azərbaycan qazının istehlakda tutduğu yüksək pay enerji asılılığının dərəcəsini açıq şəkildə göstərir.

Bununla belə, Azərbaycanın bu rolunu davamlı və effektiv şəkildə yerinə yetirməsi təkcə mövcud enerji ehtiyatları ilə mümkün deyil. Pərviz Şahbazov çıxışında qeyd etdi ki, yeni yataqların işlənməsi, infrastrukturun genişləndirilməsi və uzunmüddətli təchizat öhdəliklərinin təmin olunması üçün strateji investisiyalara ehtiyac var. Bu növ sərmayələr yalnız risk və öhdəlik balansının düzgün qurulması ilə reallaşa bilər. Bu məsuliyyət təkcə hökumətlərə deyil, həm də beynəlxalq maliyyə institutlarına və enerji sektorunda fəaliyyət göstərən qlobal şirkətlərə aiddir.

Nazirin vurğuladığı digər önəmli mövzu enerji təchizatı ilə bağlı trilemma anlayışıdır. Təhlükəsizlik, əlçatanlıq və dayanıqlılıq kimi üç əsas meyarın balanslaşdırılması hazırkı enerji siyasətinin əsas çağırışlarından biridir. Azərbaycanın bu balansın qorunmasında xüsusi rolu var. Bütün proqnozlar göstərir ki, neft və qaz hələ uzun illər enerji balansında əsas yer tutacaq. Lakin bu sahəyə sərmayələrin azalması gələcəkdə təchizat boşluqlarına, qiymət dalğalanmalarına və qlobal iqtisadi qeyri-sabitliyə səbəb ola bilər.

Azərbaycanın enerji strategiyası ənənəvi resurslara əsaslansa da, Avropa ilə qurulan qaz təchizatı infrastrukturu, yeni karbohidrogen layihələri və regional əməkdaşlıq çərçivəsinin genişlənməsi ölkənin beynəlxalq mövqeyini daha da möhkəmləndirir. Bu göstəricilər Azərbaycanın yalnız region üçün deyil, bütövlükdə Avrasiya enerji bazarı üçün əhəmiyyətli bir oyunçuya çevrildiyini göstərir.

Belə bir şəraitdə Azərbaycana yönələn investisiyalar yalnız enerji hasilatının həcmini artırmaqla kifayətlənməyəcək. Bu sərmayələr eyni zamanda ölkənin strateji mövqeyini və geoiqtisadi əhəmiyyətini də gücləndirəcək. Bunun üçün isə investisiya mühitinin sabitliyi, texnoloji yeniliklərin tətbiqi, institusional şəffaflıq və ekoloji məsuliyyət prinsipləri paralel şəkildə inkişaf etdirilməlidir. Enerji təhlükəsizliyi yalnız fiziki resursların olması ilə deyil, həm də bu resursların düzgün idarə olunması və sabit mühitdə istifadəsi ilə təmin edilə bilər.

Nuray,

Aznews.az