Analitik təhlil göstərir ki, Azərbaycan-Çin əməkdaşlığının genişlənməsi ikitərəfli iqtisadi münasibətlərin yalnız ticarət həcmi ilə deyil, həm də sektorlar üzrə diversifikasiyasını təmin edir. Son illərdə Çin şirkətlərinin Azərbaycanda logistika, sənaye, yaşıl enerji, İKT və kənd təsərrüfatı sahələrində fəallaşması ölkəmizin strateji iqtisadi maraqlarına uyğun gəlir. Məsələn, günəş və külək enerjisi potensialı ilə Çin texnologiyalarının sintezi birgə layihələrin sürətli və effektiv icrasına şərait yaradır. Bu isə enerji keçidinə dair milli prioritetlərin reallaşdırılmasına bilavasitə dəstək verir və Azərbaycanın enerji sektorunda texnoloji modernləşməsini sürətləndirir.
Sənaye istehsalının lokallaşdırılması və texnologiya transferi perspektivi həmçinin ölkəmizin sənaye potensialının artırılmasına töhfə verir. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin vurğuladığı kimi, investisiya əlaqələrinin praktiki müstəvidə inkişafı, birgə təşəbbüslərin uğurlu icrası, xüsusən İKT və sənaye sahələrində yeni iş yerlərinin yaradılmasına və bilik mübadiləsinə imkan verir. Bu, Azərbaycanın beynəlxalq əməkdaşlıq bazasında mövqeyinin möhkəmlənməsi və rəqabət qabiliyyətinin yüksəlməsinə dəstəkdir.
Panel sessiyalar və B2B görüşlər zamanı təqdim olunan konkret investisiya imkanları və praktiki layihələr Azərbaycan-Çin münasibətlərinin həm strateji, həm də əməliyyat tərəfini nümayiş etdirir. Çin şirkətləri ilə birgə layihələrin təşkili ölkəmizdə iqtisadi diversifikasiyanı gücləndirir, yeni texnologiyaların ölkəyə transferi və ixraca yönəlmiş istehsalın genişləndirilməsi üçün əlverişli mühit yaradır. Eyni zamanda, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində iki ölkənin fəal iştirakı, regional ticarət və nəqliyyat imkanlarının artırılmasına dəstək verərək Azərbaycanın logistika və tranzit potensialını gücləndirir.
Nəticə etibarilə, Çin-Azərbaycan iqtisadi əlaqələrinin yüksələn xətlə inkişafı, qarşılıqlı faydalı investisiya təşəbbüslərinin artımı və texnologiya transferi perspektivi ölkələrimiz arasında strateji tərəfdaşlığın dərinləşdiyini göstərir. Bu inkişaf, ticarət dövriyyəsinin genişlənməsi, sənaye və enerji sahələrində yeni layihələrin icrası, həmçinin regional inteqrasiya və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından Azərbaycan üçün strateji əhəmiyyət daşıyır.
Nuray,
Aznews.az