Daşkəsən dəmir filizi layihəsi Azərbaycanın sənaye inkişafına hansı üstünlükləri gətirə bilər - ŞƏRH

Daşkəsən dəmir filizi yataqları ilə bağlı açıqlamalar ölkəmizdə mədən və sənaye sektorunda yeni mərhələnin başlandığını göstərir. “AzerGold” QSC-nin rəhbərliyinin forum çərçivəsində verdiyi məlumatlara əsasən, aparılan geoloji tədqiqatlar nəticəsində yataqlar üzrə 187,3 milyon ton dəmir filizi ehtiyatı təsdiqlənib və bu göstərici mövcud resursların 15 il əlavə istismarına imkan açır. Paralel olaraq illik 2 milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir zavodunun tikintisi planlaşdırılır. Təxminən 700 milyon ABŞ dolları dəyərində olan layihə Azərbaycanın sənaye və ixrac potensialını gücləndirməklə yanaşı, yeni iş yerlərinin açılmasını və regionda iqtisadi canlanmanı təmin edəcək.

Qlobal miqyasda dəmir filizi və çelik məhsullarının bazarı yüksəliş trayektoriyasındadır. İnfrastruktur, avtomobil və tikinti sektoru filizə və onun emalı məhsullarına yüksək tələbat yaradır. Azərbaycanın HBI istehsalına yönəlməsi isə bu trendlərlə uzlaşaraq ölkəyə beynəlxalq bazarlarda əlavə imkan qazandırır. Qeyd etmək vacibdir ki, HBI məhsulları daha az karbon emissiyası ilə istehsal olunduğundan dünya enerji keçidi və yaşıl iqtisadiyyat kontekstində rəqabət üstünlüyü verir. Beləliklə, Daşkəsəndə nəzərdə tutulan zavod yalnız iqtisadi deyil, həm də ekoloji baxımdan strateji əhəmiyyət daşıyır.

Bununla belə, layihənin uğuru bir sıra risklərin idarə olunmasından asılı olacaq. İlk növbədə texnoloji modernləşmə və keyfiyyət standartlarına uyğun istehsal proseslərinin qurulması vacibdir. Eyni zamanda nəqliyyat və logistika infrastrukturunun səmərəli işləməsi, xammalın daşınma xərclərinin optimallaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq bazarlarda qiymət dalğalanmaları və əsas istehlakçı ölkələrin tələbindəki dəyişikliklər də gəlirlilik səviyyəsinə təsir edə bilər. Ona görə də bazarların diversifikasiyası və alternativ ixrac istiqamətlərinin inkişafı strateji baxımdan zəruridir.

Əgər bu layihə planlaşdırıldığı şəkildə həyata keçirilsə, Azərbaycanın sənaye xəritəsində yeni bir mərhələ başlayacaq. Dəmir filizinin hasilatı və emalı daxili bazarda idxaldan asılılığı azaldacaq, ixracda isə yüksək dəyərli məhsulların payını artıracaq. Layihə eyni zamanda bölgədə məşğulluğu gücləndirəcək, müasir texnologiyaların tətbiqini sürətləndirəcək və ölkənin beynəlxalq investisiya imicinə əlavə müsbət təsir göstərəcək. Bu mənada Daşkəsən layihəsi Azərbaycanın iqtisadi şaxələndirmə siyasətində mərkəzi rola sahib ola bilər.

Nuray,

Aznews.az