Tramp ağlına nə gəlir, onu da edir - Politoloq

ABŞ-ın hansısa hərbi gücə yox, yaxşı bir liderə ehtiyacı var…

Xəbər verildiyi kimi Ağ Evin sahibi Donald Tramp ABŞ ordusunun Suriyadan 4 ay ərzində çıxarılacağı ilə bağlı verdiyi qərarı sonradan təkzib edib: "Mən heç vaxt deməmişəm ki, qoşunumuz Suriyadan tezliklə çıxarılacaq”.

Azərbaycanlı politoloq Rasim Ağayev Trampın bu açıqlamasına münasibət bildirib.

O, AzNews.az-a deyib ki, ümumiyyətlə ABŞ ordusunun Yaxın Şərqdə olması və orada müəyyən əməliyyatlar aparması ABŞ prezidentinə baş ucalığı gətirmir.

Onun sözlərinə görə, Tramp elə bir işə baş qoşub ki, nəinki Tramp, ondan əvvəlki prezidentlər də bu işdən baş çıxara bilmədilər. Söhbət Yaxın Şərq “əhvalatlarından” gedir. Sovet dönəmində ABŞ-la SSRİ bərabər şəkildə dolanırdılar. SSRİ dağıldıqdan sonra ABŞ fikirləşdi ki, hər şey bitdi, artıq dünya da onundur. Lakin sonradan dünya liderləri, Avropa Birliyi dedi ki, heç də belə deyil. Avropa Birliyinin və Rusiyanın hərbi cəhətdən lazımi qədər qüvvəsi var:

“Bununla bərabər, ABŞ deyir ki, “Burada mənəm, Bağdadda kor xəlifə”. Mən nə deyirəm, o olacaq. Belə də alınmır, alınmayacaq da. Ona görə də bu gün Amerikanın hansısa hərbi gücə yox, yaxşı bir liderə ehtiyacı var. Ümumiyyətlə, baş verən proseslər onu göstərir ki, bu gün dünyada liderlik böhranı var. Bu da dünyada yaşanan gərginliklərin yaranma səbəblərindən biridir. Tramp isə çalışır ki, özünü dünya lideri kimi göstərsin. Lakin, o biznesmendir, anlamır ki, dünyanı biznes qaydaları ilə idarə etmək olmaz. Ağlına nə gəlir, onu da edir”.

Sırf Suriya məsələsinə gəldikdə isə politoloq vurğuladı ki, bəli, ABŞ-da müəyyən qüvvələr, məsləhətçilər var: "Hansısa formada prezidentə təzyiq və təsirlər edilir. Amma əsas məsələ bu deyil. Əsas məsələ ondan ibarətdir ki, Tramp ümumiyyətlə siyasi xadim deyil, təsadüfi bir şəxsdir. Amerikalılar artıq bunu başa düşüblər və çalışırlar ki, hansısa formada ondan canlarını qurtarsınlar".

“Ümumilikdə isə bu gün ABŞ ordusunun Yaxın Şərqdə olması və orada müəyyən əməliyyatlar aparması ABŞ prezidentinə baş ucalığı gətirmir, əksinə, ölkə əhalisinin və dünyanın narazılığına əsas yaradır” - deyə, R.Ağayev əlavə etdi.

Elgün

AzNews.az