Təşkilatçılar aksiyanı idarə edə bilmədi, dövlət qurumları tədbir görəcək

"Aksiyaçılar meydançanı və ətrafı əsl zibilliyə çeviriblər".

Özünü “Milli Şura” adlandıran qurumun yanvarın 19-da “Məhsul” stadionunda təşkil etdiyi mitinqdən sonra ərazidə acınacaqlı mənzərə yaranıb. Aksiyaçılar meydançanı və ətrafı əsl zibilliyə çeviriblər.

Eyni zamanda, aksiya təşkilatçılarının prosesi idarə edə bilməməsi və ya etmək istəməməsi nəticəsində həmin ərazidə asayişin təmin edilməsi və nəqliyyatln hərəkəti ilə bağlı ciddi problemlər yaranıb.

Bütün bunlar dünən kütləvi informasiya vasitələrində və aksiya iştirakçılarının özlərinin sosial mediada yaydığı foto və videolarda aydın görünür.

Mitinq iştirakçıları aksiya bitdikdən sonra da qrup şəklində, müxtəlif şüarlar səsləndirərək yolun nəqliyyat vasitələrinin hərəkət etdiyi hissəsi ilə irəliləyib. Bu hal metro stansiyasının daxilində də müşahidə olunub. Onlar həmin ərazidə olan və tədbirə qoşulmayan vətəndaşları da öz sıralarına qatmağa cəhd göstəriblər, bəzi hallarda bu zəmində mübahisələr də yaranıb.

Mitinq təşkilatçılarının qanunun tələblırinə laqeyd münasibəti nəticəsində yaranmış xoşagəlməz hal həmin ərazidə yaşayan sakinlərin və müxtəlif səbəblərdən “İnşaatçılar” metrostansiyasının ətrafında olan vətəndaşların ciddi narazılığına səbəb olub.

Güman ki, mitinqin təşkilatçıları aksiya iştirakçılarının özlərini belə kobud aparması və ictimai asayişin pozulmasına qəsdən şərait yaratmış, bununla akisyanın kortəbii xarakter alması, daha çox insanın bu prosesə qoşulmasını təmin etməyi planlayıblar.

AzNews.az-ın əldə etdiyi məlumata görə, hazırda müvafiq dövlət orqanları bu cür hadisələrin baş vermə səbəblərini araşdırır və belə halların bir daha təkraflanmaması üçün zəruri addımları müəyyənləşdirirlər.

Elmir Ramizoğlu

AzNews.az