Əbülfəz Elçibəy öz daxili işlər nazirini niyə qapı arxasında saxlayırdı? Əbülfəz Elçibəy öz daxili işlər nazirini niyə qapı arxasında saxlayırdı?

İsgəndərin dərəbəylik hərəkatı- ANALİZ VƏ VİDEO

Əbülfəz Elçibəy öz daxili işlər nazirini niyə qapı arxasında saxlayırdı?

Ötən ilin sonlarından başlayaraq keçmiş daxili işlər naziri İsgəndər Həmidov öz “sualtı qayığı”nı siyasətin səthinə çıxarıb və marginallaşmış müxalifət limanında lövbər salıb. O, gah müxalifətin zirvə toplantısının təşkilatçısı, gah da Azərbaycan Xalq Hərəkatının yaradıcısı kimi çıxış edir, cəmiyyətin yeni, onun siyasi keçmişi barədə yetərincə məlumatı olmayan təbəqələrinə özünü az qala “qurtarıcı lider” obrazında göstərir. Bir tərəfdən 1988-ci illərin meydan hərəkatının nostalgiyası ilə yaşayanlara xitab etməklə, digər yandan Azərbaycan siyasətinin özü kimi uğursuz simalarını, əksəriyyəti “bir sədr-bir portfeldən” ibarət olan partiyacıqları təmərküzləşdirməklə “yeni güc mərkəzi” formalaşdırması barədə ictimai qənaət hasil etməyə çalışır.

Yaşı 70-i adlasa da, ömrünü “müdriklik” anlayışından yan keçirmiş Həmidov, parklarda istirahət edib, domino oynamaq əvəzinə, adətən, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında təşkil olunan tədbirlərdə etdiyi və sosial şəbəkələr vasitəsi ilə canlı yayımlanan populist çıxışları ilə siyasi proseslərdə “dinamo” rolu oynamağa çalışır. İsgəndər Həmidovun ictimai-siyasi proseslərə dinamika gətirməsi isə mümkünsüzdür.

Əvvəla, onun səfərbər etdiyi isimlər uzun illərdir ki, bu və ya digər adlar altında dəfələrlə bir araya gətirilib və ölkədəki siyasi situasiyaya hər hansı təsir gücünə malik olduqlarını nümayiş etdirə bilməyiblər. Onların mütləq çoxluğu məhz o tip adamlardırlar ki, başqa heç bir sferada hər hansı faydalı iş əmsalına malik deyillər. “Siyasət” onlar üçün hər hansı vəziyyətdə bəlli bir problemin həll yolunu tapmaq yox, dedi-qodu, intriqa və didişmə platformasıdır. Lap elə bu yaxınlarda “Xalq Hərəkatı”nın təsis edilməsi ilə bağlı KXCP-yə toplananlar oturmaq üçün adi bir stul tapmadıqlarından öz iclaslarının xeyli hissəsini bu mövzuya həsr etmişdilər. Oturmağa adi stulları olmayanların Azərbaycanda hökumətə alternativ olmağa can atmaları, mühüm dövlət vəzifələrinə iddia etmələri və “hakimiyyətə gələcəyik” vədi ilə kreslo paylamaları, əlbəttə, son dərəcə qeyri-ciddidir.

Digər tərəfdən, marginallaşmış müxalifətin ən marginal spektrini əhatə edən həmin qrup üzvlərinin üzü, necə deyərlər, uzun illər ərzində çox üzvlər görüb. Sərdar Cəlaloğlu Rəsul Quliyev və İlyas İsmayılovu, İqbal Ağazadə İsa Qəmbəri, Əli Əliyev Etibar Məmmədovu son nəticədə lider kimi qəbul etməyərək özlərinə xüsusi siyasi status yaradıblar. Pənah Hüseyni nə AXCP, nə də Müsavat partiyası öz sıralarında görmək istədiyindən o, siyasi oyunlarda məhz bu cür yan qurumlar vasitəsi ilə iştirak etməyə çalışıb. Mirmahmud Mirəlioğlu isə KXCP-ni, faktiki olaraq, Əli Kərimlinin və İsa Qəmbərin caynağından deputat mandatından imtina etmək bahasına öz nəzarətində saxlayıb. İndi həmin şəxslərin İsgəndər Həmidovu lider kimi qəbul etməsi, onun perspektivinə və vədlərinə güvənərək “həlledici mübarizəyə başlamaları” qətiyyən inandırıcı deyil. Onların siyasətdə hələ də var olduqlarını göstərməyə, cəmiyyətə “biz də varıq” mesajı verməyə və ətraflarındakı azsaylı fəalların çayxana söbətlərinə yeni emosiya qatmağa hesablanmış son gedişləri İsgəndər Həmidovu bundan sonra nə qəhrəman, nə də lider edəcək deyil. Sözügedən partiyaların hazırkı mərhələdə İsgəndər Həmidovun başına toplanmış kimi görsənmələri, əslində, daha çox Milli Şuradan və Müsavat partiyasından məsafə saxlamaq cəhdidir.

Məsələyə bu rakursdan baxdıqda məlum olur ki, hazırda müxalifət düşərgəsində bir neçə cinah mövcuddur və daha marginal olan dördüncü cinah, Sərdar Cəlaloğlunun təbirincə desək, “İsgəndər hərəkatı” ona görə təşəkkül edir ki, digərlərinin- AXCP, Müsavat və “Real”ın siyasi uğurlarına inanmır və gələcəkdə onların uğursuzlarından doğacaq məsuliyyəti bölüşmək istəmirlər. Bu isə ilk növbədə ona dəlalət edir ki, özlərinə “Azərbaycan Xalq Hərəkatı” kimi təmtəraqlı ad götürənlərin təşəbbüsü sosial sifariş olmayaraq müxalifətdaxili intriqa və güvənsizlik problemindən qaynaqlanır. Elə bu səbəbdən də “hərəkat” kimi təqdim edilən həmin diskussiya dərnəyi siyasi proseslərdə heç bir pozitiv rol oynaya bilməməklə yanaşı, ancaq və ancaq Rəhim Qazıyev kimi Azərbaycanın dövlətçilik tarixinə qara ləkə kimi düşmüş şəxsləri yenidən vitrinə çıxarmaqla Azərbaycana təzyiq rıçaqları formalaşdırmaq istəyənlərə xüsusi xidmətlər təklif edə bilər.

Azərbaycanın ictimai-siyasi münasibətlər sistemi xalq hərəkatının tör-töküntülərindən ibarət bu qaragüruhdan hər zaman əziyyət çəkib. Həmin qaragüruhun İsgəndər Həmidovun səyi ilə yenidən fəallaşması onun siyasi tarixçəsinə yenidən nəzər salmaq zərurəti yaradır. Xüsusən də ona görə ki, İsgəndər Həmidov son müsahibələrində çoxlarının bildiyi, bir çoxlarının isə birbaşa şahidi olduğu gerçəklərin üstündən ya sükutla keçir, ya da onları təhrif etməyə çalışır. Hər halda uzun illər Xalq Cəbhəsi və Müsavat partiyaları hakimiyyətdə olduqları dönəmdə öz siyasətlərinin uğursuzluqlarından, səhvlərindən danışarkən İsgəndər Həmidovun nazir kimi fəaliyyətini tənqid ediblər. Bu, heç də “səmimi etiraf” deyildi və bu etirafı etməyə keçmiş hakimiyyətin yetkililəri ona görə məcbur olurdular ki, İsgəndər Həmidovun nazir kimi fəaliyyətini təqdir etmək, onun jurnalistləri döyməsinə, AzTv-yə hücum çəkməsinə haqq qazandırmaq, sadəcə, olaraq mümkün deyildi. Həmçinin, AXCP və Müsavat rəhbərliyi hakimiyyətlərinin bir il çəkməsinin, 1993-cü ilin yayında Surət Hüseynovun hərbi qiyamının qarşısını ala bilməmələrinin səbəblərindən biri olaraq nazir vəzifəsini itirmiş Həmidovun həmin ərəfədə xalqı etiraz mitinqlərinə çağırmasını, şirnikləndirici vasitələrlə həmin aksiyalara adam toplamaq cəhdini göstəriblər.

İndi üzərindən xeyli zaman keçdikdən sonra İsgəndər Həmidov özünü Əbülfəz Elçibəyin xüsusi etimad göstərdiyi şəxs kimi təqdim edir, lakin yada salmır ki, eks prezident 1993-cü ilin yanvarından sonra onu qəbul etməkdən imtina edib. Sabiq nazir dəfələrlə Prezident Aparatına gəlsə də, saatlarla qəbul otağında gözləsə də, Əbülfəz Elçibəy onunla görüşməyib və məhz bu etimadsızlıq müqabilində İsgəndər Həmidov vəzifədən getməli olub. Əbülfəz Elçibəyin İsgəndər Həmidova qarşı etimadsızlığının səbəbləri başqa mövzudur. Lakin son müsahibəsində mövcud hakimiyyətin Azərbaycan adına qazandığı çoxşaxəli və çoxsaylı uğurlara, o cümlədən daxili işlər nazirliyinin bir dövlət strukturu kimi təşkilatlanmasına və güclənməsinə kölgə salmaq istəyən Həmidovun bu görüntülərinə diqqətlə baxmaqda fayda var. Həm ona görə ki, bu görüntülərdə İsgəndər Həmidovun necə bir hakimiyyətin təmsilçisi olması aydın üzə çıxır, həm də daxili işlər nazirinin və ətrafındakı şəxslərin polis qaravul xidmətini döyərək postu yarması, hər halda dünyada misli görünməmiş faktlardandır...

Elmir Ramizoğlu,

AzNews.az