Ölkəmiz hasilatı artırmaq niyyətindədir -Deputat

“Azərbaycanın enerji siyasəti dünya miqyasında yüksək qiymətləndirilir. Prezidentimiz cənab İlham Əliyevin enerji siyasəti Azərbaycanın dünyadakı önəmini artıraraq, dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional aktora çevirib”. Bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım deyib.
Deputat bildirib ki, hazırda dünyada və yaxın regionumuzda baş verən mürəkkəb geosiyasi proseslər fonunda ölkəmizin Avropa üçün önəmi xeyli dərəcədə güclənib. Geosiyasi proseslər Avropanın enerji təhlükəsizliyi üçün yeni çağırışlar yaradır. Dünyada bu gün Azərbaycanın təbii qazına olan ehtiyac artmaqdadır. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirməyə çalışır. Azərbaycan, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrindən Avropaya enerji ixracını artırmaqla bu qitənin enerji təminatında önəmli rol oynamağa davam edir.
Millət vəkilinin sözlərinə görə, hazırda Bakı Enerji Həftəsi çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un keçirilməsi və bu tədbirlərdə çoxlu sayda ölkədən nüfuzlu şirkətlərin iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir. Tədbirin açılış mərasimində cənab Prezident İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirlər, sadaladığı faktlar neft-qaz siyasətinin uğurla həyata keçirildiyini göstərir. Qarşıdakı dövrlərdə də Azərbaycanın Avropa ölkələrinə elektrik enerjisi və təbii qaz ixracını artırmaq üçün böyük potensialı var. Dövlətimizin başçısı bu barədə də fikirlərini açıqladı. Azərbaycanın bu yöndə uğurlu siyasəti perspektivdə mühüm nəticələrin əldə olunacağını deməyə əsas verir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və imzaladığı bütün müqavilələri yerinə yetirir. Bütün bu amillər ölkəmizin dünyada nüfuzunu daha da artırır.
Fatma Yıldırım qeyd edib ki, bu gün Avropa dövlətləri təbii qazla bağlı yeni imkanlar axtarışındadır. Burada isə ən önəmli ölkələrdən biri Azərbaycandır. Təsadüfi deyil ki, xarici qonaqlar Azərbaycanın enerji sahəsində Aİ-nin güclü tərəfdaşı olduğunu bəyan edib. Eləcə də, Cənub Qaz Dəhlizinin Avropa ölkələri və region üçün əhəmiyyəti qeyd edilib, Cənub Qaz Dəhlizi ilə Avropa İttifaqına nəql edilən qazın artırılmasında Azərbaycanın göstərdiyi səyləri yüksək qiymətləndirilib. Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır, Cənub Qaz Dəhlizi isə qitənin qaz təchizatının təhlükəsizliyi baxımından çox vacib layihədir. Artıq Azərbaycan dünyanın 12 ölkəsinə qaz ixrac edir ki, 10-u Avropanı təmsil edir. Bir sözlə, bütün dünya Azərbaycanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirir. Avropa İttifaqı Cənub Qaz Dəhlizinin genişləndirilməsinə və Avropaya Azərbaycan qazının tədarükünün artırılmasına çalışır. Bütün bunlar isə Azərbaycanın beynəlxalq müstəvidə rolunun daha da artdığını bir daha təsdiqləyir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bizim təbii qaz ixracımız ötən il 25 milyard kubmetrə çatıb. Ölkəmiz hasilatı artırmaq niyyətindədir və 2030-cu ilədək qaz ixracının 8 milyard kubmetrə qədər artırılması nəzərdə tutulur.
Digər tərəfdən isə, Azərbaycan alternativ enerji ixracatçısı qismində çıxış edir. Artıq bu istiqamətdə praktiki addımlar atılır. Bununla yanaşı, imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, ölkəmiz 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacaq. Bu da Azərbaycanın ümumi enerji istehsalının 35 faizdən çoxunu təşkil edəcək. Bu prosesdə Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji potensialından da səmərəli istifadə olunacaq.
“Bütövlükdə, yubiley tədbirində Azərbaycan enerji potensialına artan beynəlxalq marağı və inamı əks etdirən yeni iştirakçılar və milli pavilyonlarla yanaşı, 30 ölkədən 200-dən çox şirkəti qəbul edir. Bu, ölkəmizin enerji siyasətinin uğurlarını təsdiqləyən vacib faktdır”,-deyə komitə sədrinin müavini vurğulayıb.

AzNews.az