- Siyasi müzakirə
- 10 İyun 18:34
- 2 347
“Qarabağ artıq mübahisəli ərazi deyil” – Bakıdan Moskvaya sərt mesaj

“Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin son açıqlamaları, xüsusilə də Qarabağın statusu ilə bağlı səsləndirdiyi fikirlər, Azərbaycanda haqlı narahatlığa səbəb olub. Onun bu fikirləri şəxsi rəy kimi təqdim edilsə də, Medinskinin yüksək dövlət vəzifəsi daşıması, bu sözlərin rəsmi Moskvanın siyasəti ilə ziddiyyət təşkil etməsi ehtimalını azaldır. Nəticə etibarilə, bu bəyanat Rusiyanın Azərbaycanla münasibətlərdə növbəti dəfə ziddiyyətli mövqe sərgilədiyinin nümunəsidir. Azərbaycan 2020-ci ildə Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü bərpa edib və bu prosesdə beynəlxalq hüquq prinsiplərinə əsaslanıb”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.
Xatırladaq ki, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin Rusiya–Ukrayna müharibəsini Qarabağ münaqişəsi ilə müqayisə etməsi Azərbaycanda kəskin etirazla qarşılanıb. Medinski verdiyi müsahibədə bildirib ki, “Əgər Rusiya ilə Ukrayna arasında baş verən müharibə dondurularsa və real sülh əldə olunmasa, bu vəziyyət illərlə davam edən nəhəng bir ‘Qarabağ’ senarisinə çevrilə bilər.” Onun sözlərinə görə, əgər Ukrayna gələcəkdə NATO ilə birgə bu əraziləri geri almağa cəhd göstərərsə, bu, nüvə müharibəsinə qədər aparan ciddi nəticələr doğura bilər.
Siyasi şərhçi bildirib ki, Qarabağ artıq mübahisəli ərazi deyil.
“Bu, yalnız Azərbaycanın mövqeyi deyil, həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və beynəlxalq hüququn norma və prinsipləri ilə təsdiqlənmiş bir reallıqdır. Buna baxmayaraq, Medinskinin Qarabağla bağlı verdiyi bəyanat həm hüquqi baxımdan, həm də siyasi baxımdan əsassız və qəbuledilməzdir. Rusiyanın bu cür ziddiyyətli açıqlamaları təkcə Azərbaycanın deyil, ümumilikdə regionun təhlükəsizlik və sabitlik perspektivlərinə də mənfi təsir göstərir. Azərbaycanın Xarici İşlər Nazirliyi bu bəyanata haqlı olaraq sərt reaksiya verib. Bu reaksiyanın arxasında təkcə diplomatik etiraz deyil, həm də Bakının Rusiyadan gözləntilərinə zidd olan yanaşmalara qarşı prinsipial mövqeyi dayanır. Görünən odur ki, Rusiya bu bəyanatla müəyyən mesajlar ötürməyə çalışır. Lakin belə ritorika ilə münasibətlərin düzəlməsi və ya hansısa problemin həll olunması mümkün deyil. Münasibətlər, xüsusilə də bu qədər həssas məsələlər yalnız danışıqlar masasında, qarşılıqlı etimad mühitində müzakirə edilməlidir. Bundan başqa, Rusiya rəsmilərinin çıxışlarında Ermənistanla daha sıx münasibətlər qurmaq istəyi və bu istiqamətdə səsləndirilən pozitiv çağırışlar müşahidə olunur. Bunun fonunda Azərbaycana yönəlik neqativ və ya qərəzli yanaşmalar, təbii ki, regiondakı balansı pozur. Bu, Rusiya tərəfindən Cənubi Qafqazda geosiyasi fəallığın yenidən artırılmasına cəhd kimi qiymətləndirilə bilər”.
Siyasi şərçi vurğulayıb ki, tarixi təcrübə Rusiyanın bu cür “geosiyasi oyunlarının” nə Azərbaycanın, nə Ermənistanın, nə də ümumilikdə Cənubi Qafqazın sabitliyinə hər hansı töhfə vermədiyini göstərir:
“Hazırkı mərhələdə də bu tip siyasət və bəyanatların bölgədə müsbət nəticə doğuracağı real görünmür. Azərbaycan öz ərazilərinin işğalına son qoyub. Bu, beynəlxalq hüquq çərçivəsində aparılmış uğurlu hərbi-siyasi əməliyyatın nəticəsidir. Eyni zamanda, bu nümunənin, ümid edirik ki, digər işğal olunmuş ərazilər – o cümlədən Ukraynanın müstəqilliyi və ərazi bütövlüyü məsələsində də tətbiqinə şahidlik edəcəyik”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az