- Siyasi müzakirə
- 10 İyun 18:39
- 4 145
"Paşinyanın Təbrik Mesajı: Sülhə Doğru İlk Addım, yoxsa Formal Jest?"

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Qurban Bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik mesajı ilk baxışdan səmimi bir jest kimi görünə bilər. Dövlətlərarası münasibətlərdə belə addımlar normallaşmanın bir parçası olaraq qiymətləndirilir. Adətən, normal diplomatik münasibətlərə malik ölkələr arasında bu cür bayram təbrikləri, rəsmi jestlər və humanitar addımlar rast gəlinir. Lakin Ermənistan-Azərbaycan münasibətlərinin son illərdəki gərgin fonunu nəzərə alsaq, bu addım Azərbaycan cəmiyyəti üçün həm gözlənilməz, həm də bir qədər ehtiyatla qarşılanan bir hadisədir. Belə bir müraciətin arxasında Paşinyan hökumətinin bir sıra mesajlar vermək niyyəti sezilir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Qurban bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik mesajı həm ictimaiyyətin, həm də ekspert dairələrinin diqqətini cəlb edib. Bəzi müşahidəçilər bu addımı sülh prosesi və Zəngəzur dəhlizi istiqamətində etimadın möhkəmləndirilməsinə yönəlmiş diplomatik siqnal kimi dəyərləndirsə də, digərləri bunu sadəcə simvolik bir jest kimi qiymətləndirirlər.
Siyasi şərhçinin fikrincə, bu jest, ilk növbədə, Ermənistan cəmiyyətinə ünvanlanmış ola bilər.
“Paşinyan, ölkə daxilində Azərbaycanla münasibətlərin tənzimlənməsi zərurəti barədə ictimai rəyə təsir göstərmək niyyətində ola bilər. Paralel olaraq, Azərbaycan cəmiyyətinə ünvanlanan siqnal isə budur: “Biz münasibətlərin normallaşması üçün addımlar atmağa hazırıq.”. Digər tərəfdən, bu təbrik mesajı beynəlxalq ictimaiyyətə yönəlmiş diplomatik bir siqnal kimi də qəbul edilə bilər. Paşinyan hökuməti göstərmək istəyir ki, sülh prosesinə və qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulmasına maraqlıdır. Bununla belə, bu jestin səmimiliyini və real nəticələrə yol açıb-açmayacağını yalnız qarşıdakı dövrdə atılacaq konkret addımlar müəyyən edəcək. Məsələn, Zəngəzur dəhlizinin açılması, tərəflər arasında sülh müqaviləsinin imzalanması və Ermənistanın bu prosesdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi kimi əsaslı dəyişikliklər olmadan bu cür jestlərin mahiyyəti formal olaraq qalacaq. Beləliklə, Paşinyanın bayram təbriki diplomatik bir jest olsa da, hələ ki, onun arxasında ciddi siyasi iradənin olub-olmadığı sual altındadır. Azərbaycan tərəfi üçün bu cür addımlar yalnız konkret və praktik nəticələrlə müşayiət olunduğu təqdirdə əhəmiyyət kəsb edəcək”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az