Şuşa Bəyannaməsi iki qardaş dövlətin münasibətlərinin zirvəsini təşkil edir - Deputat

“Şuşa şəhərində müasir tariximizin ən mühüm hadisələrindən biri olan Azərbaycanla Türkiyə arasında Müttəfiqlik Bəyannaməsinin imzalanmasından dörd il ötür. Bu tarixi sənədin imzalandığı 15 iyun 2021-ci il tariximizin ən parlaq və ən şanlı səhifələri sırasında olaraq daim yaddaşlarda qalacaq. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir”.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Şuşa Bəyannaməsi qardaşlığımızın yeni tarixi mərhələsini təşkil edir. Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək. Eyni zamanda, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Onun sözlərinə görə, Şuşada iki ölkənin liderləri tərəfindən Müttəfiqlik haqqında Bəyannamənin imzalanması Azərbaycan-Türkiyə münasibətlərinə öz möhürünü vurdu. Burada ən mühüm məqam ondan ibarətdir ki, tərəflər təhlükəsizlik amilinə xüsusi önəm verir. Belə ki, Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq. Hesab edirəm ki, bu fakt Ermənistana və onun havadarlarına qarşı ciddi mesaj oldu. Bəyannamənin Qarabağın tacı olan qədim Şuşa şəhərində imzalanması isə xüsusi məna kəsb edir.

Millət vəkilinin fikrincə, Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin birliyini daha da möhkəmləndirir: “Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, Azərbaycanla Türkiyənin qardaşlığı sarsılmazdır, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür. Bəyannamədə xalqlarımızın böyük liderləri Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamları da öz əksini tapıb. Beləliklə, Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. Eyni zamanda, Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir. Bir sözlə, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi iki qardaş dövlətin münasibətlərinin zirvəsini təşkil edir”.

AzNews.az