- Siyasi müzakirə
- 16 İyun 20:08
- 1 642
İran, ABŞ və İsrail arasında güc oyunu: Növbəti addım kimdən gələcək?

“İsrailin İrana qarşı son hərbi hücumu təkcə iki ölkə arasındakı münasibətlər kontekstində deyil, həm də ABŞ və İran arasında gedən danışıqlar fonunda ciddi geosiyasi hadisə kimi qiymətləndirilməlidir. Hadisənin baş verdiyi zaman kəsiyi təsadüfi deyildi. Çünki həmin dövrdə ABŞ və İran arasında nüvə sazişi ilə bağlı konstruktiv, nəticəyönlü danışıqlar aparılırdı. İsrail bu danışıqların irəlilədiyini və mümkün razılaşmanın əldə oluna biləcəyini öncədən sezərək, prosesi pozmaq üçün hücuma keçdi və əslində həm Tehrana, həm də Vaşinqtona mesaj verdi. İsrailin bu addımı Vaşinqtonun da mövqeyini çətinləşdirdi. Çünki ABŞ uzun müddətdir Təl-Əvivin İrana qarşı hərbi müdaxiləsinə qarşı çıxır, onu çəkindirməyə çalışırdı”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian İsrailin hücumlarını ABŞ-la əlaqələndirməsini Vaşinqtonun etibarsızlığının göstəricisi adlandırıb. O, Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığında bildirib ki, İsrail təcavüzünü davam etdirərsə, daha sərt cavab alacaq.
Siyasi şərhçinin fikrincə, Vaşinqton hücumun qarşısını almaqda çətinlik çəkdi və nəticədə İsrail ABŞ-ı fakt qarşısında qoydu.
“Bu, bir tərəfdən ABŞ-ın regiondakı təsir imkanlarının zəiflədiyini göstərir, digər tərəfdən isə İsrailin öz maraqları naminə Vaşinqtonun mövqeyini nəzərə almadığını sübut edir. Hazırda əsas diqqət İranın atacağı növbəti addıma yönəlib. Tehran qarşısında iki seçim var: ya ABŞ-ın nüvə danışıqlarındakı tələblərini qəbul edib prosesi davam etdirmək, ya da nüvə silahı ambisiyalarını davam etdirərək qarşıdurma yolunu seçmək. Əgər İran danışıqlara razılıq versə, bu, Vaşinqton üçün də sərfəlidir və bölgədə gərginliyin azalmasına səbəb ola bilər. Əks halda, yəni İran nüvə silahına sahib olmaq istəyindən geri çəkilməzsə, ABŞ İsrailin tərəfini tuta bilər və bu da genişmiqyaslı hərbi qarşıdurmanın başlanmasına səbəb ola bilər. İsrailin hazırkı məqsədi təkcə İranın nüvə imkanlarını məhdudlaşdırmaq deyil, həm də ABŞ-ı dolayısı ilə hərbi toqquşmaya çəkməkdir. Təl-Əviv bu hücumla Vaşinqton-Tehran danışıqlarını zəiflətdi, tərəflər arasında inamı sarsıtdı və regionda yeni bir qeyri-müəyyənlik mərhələsi yaratdı. Hazırda ABŞ və İran arasındakı prosesin hansı istiqamətdə inkişaf edəcəyi məhz İranın mövqeyindən və Vaşinqtonun diplomatik səbirindən asılıdır. İsrail isə, görünür, öz planlarını davam etdirəcək və mümkün qədər ABŞ-ı prosesə daha dərindən cəlb etmək üçün yeni təzyiqlər formalaşdıracaq”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az