- Siyasi müzakirə
- 16 İyun 20:16
- 1 669
Ermənilər İranı satdılarmı? – İsrailə casusluq iddiaları partlayış effekti yaradır

“Son günlər beynəlxalq mətbuatda yayılan və ciddi rezonans doğuran iddialara əsasən, İranda yaşayan erməni mənşəli şəxslərin, xüsusilə də erməni iş adamlarının vasitəsilə İsrailə məxfi hərbi məlumatların ötürülməsi ilə bağlı ciddi ittihamlar irəli sürülüb. Əgər bu məlumatlar təsdiqlənərsə, bu, təkcə İran üçün deyil, həm də regionun ümumi təhlükəsizlik arxitekturası üçün dərin nəticələr doğura bilər. İddialara görə, Ermənistan xaricində fəaliyyət göstərən bəzi erməni biznes dairələri İran daxilində müxtəlif kommersiya qurumları yaradaraq, İran ordusu və təhlükəsizlik strukturları ilə əlaqələr qurmağa nail olublar. Bu əlaqələr çərçivəsində əldə edilən müxtəlif səviyyəli və strateji əhəmiyyət daşıyan məlumatların İsrailə ötürüldüyü bildirilir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Qeyd edək ki, İranın kəşfiyyat məlumatlarının mühüm bir hissəsinin ermənilər tərəfindən İsrailə ötürülməsi ilə bağlı məlumatlar yayılıb. Bu, 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanı bütün cəbhələrdə müdafiə edən İran üçün növbəti “dost xəyanəti” kimi qiymətləndirilir.
Politoloqun fikrincə, bu prosesdə Qərb dövlətlərinin, xüsusilə də ABŞ-ın dolayı şəkildə iştirak etdiyi ehtimal olunur.
“İranın uzun illərdir Ermənistanı dəstəkləyən və onunla yaxın münasibətlər quran bir dövlət kimi tanınması fonunda belə bir faktın təsdiqlənməsi, Tehranın rəsmi mövqeyində ciddi dəyişikliklərə səbəb ola bilər. Bu, həm də İran-Ermənistan münasibətlərinə dərin çatlar salacaq potensiala malikdir. Qeyd edilməlidir ki, 30 ilə yaxın müddətdə Azərbaycanın ərazilərini işğal altında saxlayan Ermənistana açıq və gizli dəstək verən ölkələrdən biri də məhz İran olub. Bu baxımdan, əgər Tehran Ermənistandan qaynaqlanan belə bir casusluq fəaliyyətinin qurbanına çevrilibsə, bu, İran cəmiyyətində ciddi siyasi və ictimai narazılıq doğura bilər. İddialar öz təsdiqini tapacağı təqdirdə, İranda yaşayan erməni icmasının gələcək mövqeyi də təhlükə altına düşəcək. Bu cür hallarda yalnız dövlət tərəfindən deyil, eyni zamanda ictimai rəy səviyyəsində də sərt reaksiyalar müşahidə olunur. Tarixi təcrübə göstərir ki, münaqişə və gərginlik dövrlərində “xəyanət” kimi qəbul edilən hallara qarşı tolerantlıq son dərəcə aşağı olur və bu, azlıqda olan etnik qrupların hədəfə çevrilməsinə gətirib çıxara bilər. Nəticə etibarilə, bu iddiaların rəsmi şəkildə sübuta yetirilməsi, regionda mövcud olan etnik və siyasi balansları dəyişə, eyni zamanda İran daxilində ciddi etnik və ictimai gərginliklərin yaranmasına səbəb ola bilər. Bu məsələni diqqətlə izləmək və onun mümkün nəticələrini analiz etmək, regional sabitlik baxımından olduqca önəmlidir”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az