İran daxilində parçalanma əlamətləri varmı? – Sultan Zahidovdan cavab

“Son zamanlar bu məsələ ilə bağlı mediada müxtəlif fikirlər səsləndirilir. İran–İsrail qarşıdurması fonunda mediada fərqli tezislər, yanaşmalar paylaşılır. Bəziləri sırf təbliğat məqsədi daşıyır, bəziləri isə açıq şəkildə anti-İran narrativinin genişlənməsinə xidmət edir. Lakin bu yanaşmaların hamısı həqiqətə uyğun deyil. Məsələn, İranın parçalanması ilə bağlı iddiaların hazırda real heç bir əlaməti müşahidə olunmur. Baxmayaraq ki, İsrailin hücumları fasiləsiz şəkildə davam edir, İranın daxilində əhali, xüsusilə də hakimiyyət ətrafında cəmləşmiş kütlə İsrailə qarşı həmrəylik nümayiş etdirir. ABŞ və İsrailə qarşı birgə mövqe nümayiş olunur. Bəli, müəyyən separatçı fikirlərin yayılması halları qeydə alınır, amma bunlar cəmiyyətin ümumi mövqeyini əks etdirmir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.

Xatırladaq ki, son vaxtlar beynəlxalq mediada “İran üç yerə bölünəcək” tezisi geniş şəkildə tirajlanır. Bu fikir, İranın gələcəkdə siyasi və coğrafi baxımdan üç əsas hissəyə parçalanması ehtimalını gündəmə gətirir. İddialara görə, bu bölgü ölkədəki müxtəlif etnik qrupların yaşadığı əraziləri əhatə edəcək və hər bir hissə özünəməxsus milli və mədəni kimlik əsasında formalaşacaq. Belə bir ssenari regionun geosiyasi mənzərəsini köklü şəkildə dəyişə, həmçinin ətraf ölkələrin maraqları və təhlükəsizlik balansına ciddi təsir göstərə bilər.

Siyasi şərhçi bildirib ki, heç olmasa hazırda İran daxilində genişmiqyaslı etiraz aksiyalarının müşahidə olunmaması ölkədə ciddi narazılığın olmadığını deməyə əsas verir.

“Bu səbəbdən də İranın parçalanması və ya daxildən zəifləməsi ilə bağlı səsləndirilən ssenariləri yaxın perspektivdə real hesab etmirəm. Hazırda vəziyyətin necə inkişaf edəcəyi İran–İsrail münaqişəsinə kənar qüvvələrin qoşulub-qoşulmamasından asılı olacaq. Aydındır ki, təkcə İsrailin hava zərbələri ilə İranın tam sıradan çıxarılması mümkün deyil. Burada daha genişmiqyaslı bir müharibə və ya daxili üsyan senarisi gündəmdədir. Lakin hazırda bunun da real əsasları görünmür. İran daxilində belə bir prosesin baş verəcəyinə dair ciddi əlamət görmədiyim üçün yaxın gələcəkdə bu tip ssenarilərin baş verəcəyini düşünmürəm. Yaxın dövrdə baş verə biləcək əsas hadisə ABŞ və İsrailin İrana qarşı hava zərbələrinin intensivləşməsi ola bilər. Bunun fonunda Rusiya və Çin kimi ölkələrin prosesə müdaxilə edərək tərəflər arasında müəyyən razılığın əldə olunmasına çalışacaqları ehtimal edilir. Çünki nə Rusiya, nə də Çin İranın zəifləməsində və ya tam şəkildə sıradan çıxarılmasında maraqlı deyillər. Bu səbəbdən də ABŞ İrana hərbi müdaxilə etməzdən öncə iki əsas məsələni nəzərə almalıdır: Birincisi, İran nə İraqdır, nə də Əfqanistan. ABŞ burada ciddi müqavimətlə qarşılaşacaq. İkincisi isə, bu bölgədə Rusiya və Çin kimi güclü dövlətlərin də maraqları var. Vaşinqton bu faktorları nəzərə almadan hərbi əməliyyatlara başlasa, nəticələr gözlənildiyindən də ağır ola bilər”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az