- Siyasi müzakirə
- 1 İyul 16:47
- 1 140
“Alternativ bazarlar yaradılmasa, Rusiya bu asılılıqdan istifadə edəcək” -EKSPERT

“Ümumiyyətlə, siyasi məsələlərin fonunda Rusiya ilə münasibətlərimizin, xüsusilə də iqtisadi əlaqələrin təsirlənməsi hər zaman müşahidə olunub. Xatırlayırsınızsa, 2020-ci il Zəfər paradından dərhal sonra Azərbaycandan Rusiyaya ixrac olunan bəzi məhsullar, xüsusilə də pomidorlarla bağlı belə bir məlumat yayıldı ki, onların tərkibində zərərverici mikroorqanizm aşkarlanıb. Bu səbəbdən Azərbaycandan göndərilən bəzi məhsulların idxalına qadağalar tətbiq olundu. Belə hallarda Rusiya, ümumilikdə, postsovet məkanında yerləşən ölkələrlə ticarət münasibətlərində siyasi gərginlik yarandıqda iqtisadi vasitələrdən istifadə etməyə çalışır”.
Bu fikirləri AzNews.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.
Xatırladaq ki, Yekaterinburqda azərbaycanlılara qarşı Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi sərt əməliyyat iki ölkə arasında münasibətlərin soyumasına səbəb olub. Bu gərginlik nəticəsində ilin sonunadək bəzi mədəni tədbirlər ləğv edilib, ictimai narazılıq isə artıb.
Ekspert qeyd edib ki, Rusiya postsovet məkanında kənd təsərrüfatı ixracatçılarının əsas ticarət tərəfdaşı olduğunu bilir və bu asılılıqdan öz maraqları naminə faydalanmağa çalışır.
“Azərbaycanda da bu məsələ daim gündəmdə olub. Hökumət dəfələrlə bildirib ki, ölkə yalnız bir bazardan asılı olmamalıdır. Məqsəd ondan ibarətdir ki, məhsullarımız ABŞ, Avropa İttifaqı kimi iri bazarlara çıxış əldə etsin və alternativ bazarlar formalaşdırılsın. Kənd təsərrüfatı məhsullarımızın, məsələn pomidor, xiyar, albalı, ərik və digər məhsulların əsas satış yönü Rusiya bazarıdır. Rusiya isə Azərbaycanın bu sahədəki asılılığını yaxşı bilir və bəzən bu asılılıqdan istifadə edərək müəyyən addımlar atır. Hazırda demək çətindir ki, gələcəkdə siyasi münasibətlərdə hansı qarşıdurmalar baş verə bilər. Lakin əgər bu cür məsələlər davam edərsə, iqtisadi əlaqələrə də təsirsiz ötüşməyəcək. İndiyə qədərki təcrübə də göstərir ki, Rusiya müəyyən hallarda iqtisadi rıçaqlardan istifadə edərək, məhsullarımızın öz bazarına daxil olmasına mane olur”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az