Mübariz Göyüşlü: Putini sülhə yalnız sərt mövqe məcbur edə bilər

“Hesab etmirəm ki, Amerika Birləşmiş Ştatlarının Rusiyaya qarşı təsir imkanları zəifləyib və ya aradan qalxıb. Sadəcə, Trampın Rusiyaya münasibətdə yürüt¬düyü siyasət müəyyən anlaşılmazlıqlar yaradır. Belə görünür ki, Tramp müharibənin bütün yükünün Amerikanın çiyinlərində qalmasını istəmir, bu məsuliyyəti Avropanın üzərinə qoymağa çalışır. Silah tədarükünə etiraz etmir, amma həmin silahların xərclərini Avropanın ödəməsini istəyir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Qeyd edək ki, Donald Tramp prezident seçkiləri ərəfəsində, vəzifəyə gələcəyi halda Rusiyaya qarşı daha sərt və təsirli addımlar atacağına dair vədlər vermişdi. Lakin onun hakimiyyəti dövründə baş verənlər əksini göstərdi: Tramp administrasiyası Rusiyaya qarşı mövcud imkanlardan tam istifadə etmədi. Bu vəziyyət beynəlxalq ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. Bəzi siyasi dairələr hesab edir ki, ABŞ artıq Kremlə qarşı təsir vasitələrini tükədib. Digərlərinə görə isə Vaşinqtonun kifayət qədər güclü mexanizmləri var, sadəcə onlardan istifadə etmək istəmir.

Siyasi şərhçi qeyd edib ki, Trampın siyasətində fərqli yanaşmalar özünü göstərir.

“O, bəzi məsələlərdə Rusiya ilə anlaşaraq əməkdaşlıq etməyə cəhd göstərir, xüsusən də ticarət-iqtisadi sahələrdə. Məsələn, son Alyaska görüşündən sonra tərəflər Arktikadakı təbii sərvətlərin istismarı ilə bağlı ortaq fəaliyyət planlaşdırdıqlarını açıqladılar. Halbuki dünya ictimaiyyəti həmin görüşdə ABŞ-ın Ukrayna məsələsinə görə Rusiyaya qarşı daha sərt mövqe nümayiş etdirəcəyini gözləyirdi. Trampın bu davranışları həm təəccüb doğurur, həm də çaşqınlıq yaradır. Fikrimcə, bu yanaşma ilə Putini sülhə məcbur etmək və onu danışıqlar masasına oturtmaq çətin görünür. Çünki Putin yumşaq ritorikanı qəbul etmir, onun anladığı yeganə dil sərt mövqedir. Bu isə sanksiyaların daha da gücləndirilməsi, Ukraynanın silahlandırılmasının artırılması və uzaqmənzilli raketlər də daxil olmaqla yeni silah-sursatın verilməsi deməkdir. Əks halda, Putin indiki mövqeyini daha da sərt şəkildə davam etdirəcək. ABŞ-ın buna qarşı imkanları mövcuddur, amma hələlik bu addımlar atılmır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az