Elçin Xalidbəyli: Ukrayna müharibəsi Avropa üçün təhlükəsizlik, ABŞ üçün biznesdir

“Hazırda nə Amerika Birləşmiş Ştatlarının, nə də NATO üzvü olan Avropa İttifaqı ölkələrinin Ukraynanı tək buraxmaq ehtimalı yoxdur. Çünki xüsusilə də Avropa üçün Ukrayna hazırda təhlükəsizlik amilidir. Avropa ölkələri Ukraynanın Rusiyaya tam məğlub olmasını qətiyyən istəmir. Əks halda, Rusiya Ukraynanı işğal edə və ya burada özünə uyğun hakimiyyət formalaşdıraraq ölkənin ərazisini tam nəzarətə götürə bilər. Bu isə Avropa İttifaqı məkanı ilə Rusiya arasındakı təhlükəsizlik zonasının aradan qalxması deməkdir. Buna görə də Qərb ölkələri Ukraynanın təhlükəsizlik buferi kimi qalmasında maraqlıdır. Böyük ehtimalla Avropa İttifaqı Ukraynanı maliyyələşdirməkdə davam edəcək. Xüsusilə də ABŞ istehsalı olan ən müasir silah-sursat və hərbi texnika Avropanın maliyyəsi hesabına alınıb Ukraynaya göndəriləcək. Artıq bununla bağlı razılaşmalar mövcuddur”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Xatırladaq ki, Almaniya kansleri Fridrix Merz daha əvvəlki çıxışlarında ölkəsinin Ukraynaya qoşun göndərmək niyyətində olduğunu bildirirdi. Lakin son günlər onun mövqeyində kəskin dəyişiklik müşahidə olunur. Merz bu ssenarini ümumiyyətlə istisna edib və Qərbin prosesdə bu şəkildə iştirakına qarşı çıxıb.

Siyasi şərhçi qeyd edib ki, burada əsas məqamlardan biri Fransanın Ukraynaya hərbi kontingent göndərilməsində təşəbbüskar rol oynamasıdır.

“Son vaxtlar Almaniya da bu təşəbbüsə qoşulmaq niyyətində olduğunu göstərirdi, lakin hazırda rəsmi Berlin bir qədər geri çəkilmiş kimi görünür. Bunun səbəbi odur ki, Almaniyanın mövqeyi ondan ibarətdir ki, hələlik Ukrayna və Rusiya arasında sülh prosesi başlamayıb, nə sülh sazişi imzalanıb, nə də atəşkəs barədə anlaşma mövcuddur. Bu səbəbdən Almaniya Ukraynaya hərbi kontingent göndərmək niyyətindən imtina edib. Rəsmi Berlin hesab edir ki, savaşın davam etdiyi bir mərhələdə hərbi kontingentin göndərilməsi Almaniyanın Rusiyayla birbaşa müharibəyə cəlb olunması anlamına gələr və bu, Almaniyanın maraqlarına uyğun deyil. Almaniya kansleri də bu önəmli faktoru nəzərə alaraq bəyan edib ki, ölkə Ukraynanı maliyyə və silah-sursat sahəsində dəstəkləməkdə davam edəcək, lakin hərbi kontingent göndərməyəcək. Beləliklə, Ukraynanın tək buraxılması ehtimalı yoxdur. Avropa İttifaqı Ukraynanın silahlandırılması üçün 100 milyard avro həcmində maliyyə vəsaiti ayırmağı planlaşdırır və bütün bu vəsait ABŞ vasitəsilə silah alınıb Ukraynaya göndəriləcək. Bu isə göstərir ki, Ukrayna müharibəsi Avropa üçün hazırda təhlükəsizlik faktoru, ABŞ üçün isə böyük maliyyə və biznes qaynağıdır. ABŞ artıq bu müharibədən böyük maliyyə gəlirləri əldə etməyə başlayıb. Bu baxımdan, əgər Rusiya mövqeyini dəyişməyərək beynəlxalq hüquqa hörmət göstərməsə və qoşunlarını Ukrayna ərazisindən çıxarmasa, Ukrayna müharibəsi hələ uzun müddət davam edə bilər”.

Rəfiqə Namazəliyeva,

AzNews.az