- Siyasi müzakirə
- 2 Sentyabr 19:19
- 2 203
Abutalıb Səmədov: Moskva günahkar olsa da, təşəbbüsü Bakının göstərməsini gözləyir

“Şanxay Əməkdaşlıq Təşkilatının sammiti zamanı Rusiya prezidentinin köməkçiləri Azərbaycan və Rusiya prezidentlərinin görüşünün mümkünlüyü barədə bəyanatlar verirdilər. Hiss olunurdu ki, onlar belə bir görüşün olmasına ümid edirlər. Təbii ki, biz də arzulayardıq ki, Rusiya prezidenti ilə Azərbaycan prezidentinin görüşü baş tutsun, münasibətlərimizdə Rusiyanın günahından yaranmış soyuqluq aradan qalxsın və bu soyuqluğun səbəbləri aradan götürülsün. Yəni, Rusiya Azərbaycan təyyarəsinin vurulmasına görə rəsmi şəkildə üzr istəsin, günahkarlar haqqında tədbir görsün və təzminat ödəsin. Əslində, bu o qədər də ağır məsələ deyil. Bu cür hadisə baş verən ölkələrin rəhbərləri çox vaxt dərhal üzr istəyir və təzminat ödəyirlər”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.
Xatırladaq ki, Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti regional və qlobal güclərin diplomatik siqnallar verdiyi mühüm beynəlxalq platformaya çevrilib. Belə bir tədbirdə Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşün baş tutub-tutmaması iki ölkənin münasibətlərinin mövcud durumunun göstəricisi kimi diqqətlə izlənir. Son aylarda Moskva-Bakı xəttində müşahidə olunan siyasi soyuqluq, Qarabağ müharibəsindən sonra dəyişən regional balans və Azərbaycanın Qərb istiqamətində atdığı addımlar fonunda belə bir görüşün baş tutmaması yeni geosiyasi mesajlar kimi şərh oluna bilər.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan bu cür nümunələri Rusiyaya qarşı dəfələrlə nümayiş etdirib.
“Lakin çox təəssüf ki, Rusiya Prezidenti bu cür normal davranışı uzun müddət mümkün saymayıb və bugünə qədər, bir neçə gün Çində olmalarına baxmayaraq, görüş baş tutmayıbsa, bunun səbəbi Rusiya Prezidentinin xarakterindən irəli gəlir. Yəni bir tərəfdən günahkardırlar, görüş üçün təşəbbüs göstərməlidirlər və görüşdə veriləcək bəyanatlar barədə əvvəlcədən məlumat vermək əvəzinə, yenə də yekəxanalıq nümayiş etdirirlər və çox güman ki, təşəbbüsün Azərbaycan tərəfindən gəlməsini gözləyirlər. Dəqiq məlumat olmasa da, əgər Rusiya tərəfi təşəbbüs göstərsəydi və münasibətlərin düzələcəyinə dair müəyyən vədlər versəydi, böyük ehtimalla görüş baş tutardı. Lakin indiyə qədər görüş baş tutmayıb və ola bilsin ki, bundan sonra da baş tutmasın. Vaxt kifayət qədər azdır, bugün və sabah. Əgər görüş olmasa, münasibətlərimizdə soyuqluq davam edəcək. Bu, həm bizim, həm də Rusiya üçün arzuolunmaz vəziyyət olar. Biz həmişə münasibətlərimizin normal olması üçün əlimizdən gələni etmişik və bəzən ciddi güzəştlərə də getmişik. Bu görüşün baş tutmaması Azərbaycanın xarici siyasət xəttinə ciddi təsir göstərə bilərmi? Təbii ki, göstərə bilməz. Azərbaycan müstəqil dövlətdir. Kiminlə yaxınlaşmağı, kiminlə münasibət qurmağı, hansısa dövlət rəhbəri ilə görüşün keçirilib-keçirilməməsindən asılı olmayaraq, dövlətimizin maraqlarını əsas götürərək siyasət aparır”.
Siyasi şərhçi əlavə edib ki, bu görüş yalnız iki tərəfli münasibətlərimizə müəyyən müsbət çalarlar qata bilər:
“Azərbaycanın xarici siyasət xəttində heç bir dəyişiklik ola bilməz. Amerika Birləşmiş Ştatları ilə Azərbaycan rəhbərliyi arasında strateji tərəfdaşlıq haqqında memorandum hazırlanır və biz həm ABŞ, həm də Avropa İttifaqı ölkələri ilə normal münasibətlər qurmaq arzusundayıq. Eyni zamanda Şanxay Əməkdaşlıq Təşkilatında iştirak etmək istəyimizi bildirmişik. Rusiya, Çin, Hindistan və digər böyük ölkələrlə normal münasibətlər qurmaq niyyətimizi də açıqlamışıq. Çox təəssüf ki, bəzən qarşı tərəf bu istəyə uyğun addım atmayıb və Hindistanın Şanxay Əməkdaşlıq Təşkilatının iclasında Azərbaycanın üzvlüyünə mane olması buna bariz nümunədir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan müstəqil siyasət yeritməkdə davam edəcək və bütün dövlətlərlə bərabər hüquqlu münasibətlər qurmağa çalışacaq”.
Rəfiqə Namazəliyeva,
AzNews.az