Həşim Səhrablı: Trampın siyasəti sabit deyil, iqtisadi maraqlara bağlıdır

“Trumpın birdən-birə Rusiyanı, Şimali Koreyanı və yaxud da hər hansı üçüncü bir ölkəni hədəfə alması ilk dəfə yaşanmır. Bundan əvvəl də Trump müxtəlif vaxtlarda fərqli ölkələri, eləcə də Rusiyanın özünü və Şimali Koreyanın özünü dəfələrlə hədəf taxtasına çıxarıb. Yəni, Trump bu ölkələrin rəhbərləri ilə dil tapanda və danışıqlar istədiyi yöndə irəliləyəndə həmin ölkələr barədə xoş danışır. Bu da göstərir ki, Trump konkret və sabit mövqeli siyasətçi deyil. Onun mövqeyi dəyişkəndir və siyasəti qeyri-müəyyən xarakter daşıyır. Trumpın dövlət idarəçiliyinə yanaşması daha çox iqtisadi maraqlar üzərində qurulub. Buna görə də onun administrasiyasının qərarlarında zaman-zaman ikili mövqelər müşahidə olunur. Əgər o, məsələlərə strateji və politoloji baxımdan yanaşsaydı, heç vaxt Putini tərifləməz, heç vaxt da Şimali Koreya lideri Kim Çen In ilə yaxşı münasibətlərdən danışmazdı. Çünki bu dövlətlər məsələlərə iqtisadi maraqlardan çox imperialist hədəflərlə yanaşırlar”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Xatırladaq ki, beynəlxalq siyasətdə gərginliyi artıran açıqlamalardan biri ABŞ prezidenti Donald Trampın səsləndirdiyi qalmaqallı bəyanat olub. O, sosial media üzərindən yayımladığı fikirlərdə Şimali Koreya lideri Kim Çen In və Rusiya prezidenti Vladimir Putinin ABŞ-a qarşı sui-qəsd planlaşdırdığına dair iddia irəli sürüb. Halbuki, Trampın həm Kim Çen In, həm də Vladimir Putinlə münasibətləri “normal”, hətta müəyyən hallarda “dostyana” çərçivədə qiymətləndirilirdi. Məhz bu kontekstdə Trampın irəli sürdüyü iddialar siyasi dairələrdə bir sıra suallar və narahatlıqlar doğurub. Bu bəyanatın arxa planında hansı səbəblərin dayandığı və Trampın bu mesajla nə demək istədiyi müzakirə mövzusuna çevrilib.

Siyasi şərhçi qeyd edib ki, xüsusilə Rusiya üçün iqtisadiyyat önəmli deyil və xalqın sosial rifahı da əhəmiyyət daşımır.

“Rusiya üçün sərhədlərindəki və ya dünyanın müxtəlif nöqtələrindəki ölkələrin maraqları, suverenliyi, hüquqları deyil, özünün imperial maraqları əsasdır. Dövlət siyasəti də buna uyğun qurulub. Yəni, Trump məsələyə strateji və politoloji baxımdan yanaşsaydı, başa düşərdi ki, Putinlə dil tapmağın yeganə yolu ona qarşı daim təzyiq siyasətini canlı saxlamaq və onu davamlı alçaltmaqdır. Necə alçaltmaq? Yəni, bir siyasətçi kimi ona qarşı sərt bəyanatlar verməklə, onu beynəlxalq aləmdə nüfuzdan salmaqla, daim hədəf taxtasında saxlayaraq mümkün açılımlarının qarşısını almaqla. Trump isə bunu etmədi. İqtisadi maraqlar tələb etdikdə və Putinlə bu istiqamətdə hər hansı anlaşmalar olduqda onu təriflədi, “müharibəni bitirəcəyik”, “sosial rifah təmin olunacaq”, “iqtisadi maraqlar qorunacaq” kimi açıqlamalar verdi. İndi isə onun həm Putinə, həm də Kim Çen In-a qarşı sərt çıxış etməsinin səbəbi aydındır. Bir neçə gün əvvəl Tiencində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirildi, ardınca hərbi parad təşkil olundu. Həmin parada nasizm üzərində qələbədə, ümumiyyətlə İkinci Dünya müharibəsində həlledici rol oynamış dövlətlərdən ABŞ-ın xidmətlərinə təşəkkür edilmədi. Trump da yaxşı anlayır ki, Çinin bu qədər cəsarətlənməsi yalnız hərbi, texniki və siyasi inkişafla bağlı deyil. Burada Rusiyanın verdiyi güc də var, Şimali Koreya reallığı da var. Çünki Si Cinpin anlayır ki, Rusiya hazırda Şərqi Avropada Qərb hegemoniyasına qarşı zərbələr vurur. Trump hər nə qədər “bu, bizə təsir etmir, biz münaqişəni həll edirik və ya edəcəyik” desə də, istənilən halda Rusiya orada kollektiv Qərbin Çinə qarşı mübarizəsini sərhədləyir. Şimali Koreya reallığı isə ABŞ-ın Asiya–Sakit okean hövzəsindəki müttəfiqləri üçün Çinlə bərabər başqa bir təhlükədir. Belə olan halda Si Cinpin bu reallıqları düzgün qiymətləndirərək kollektiv Qərbə qarşı yeni və fərqli bir mübarizə başlatdı”.

Siyasi şərhçi əlavə edib ki, bu mübarizədə Çin var, amma eyni zamanda birbaşa iştirak etmir:

“Çin var – ona görə ki, bir çox məsələlərin arxasında Çinin maraqlarının təmin olunduğu görünür. Amma ortada Çinin birbaşa iştirak etdiyi hər hansı böhran, iqtisadi və ya hərbi münaqişə yoxdur. Bununla belə Si Cinpin çox yaxşı başa düşür ki, Rusiyanın hərbi əməliyyatları da, Şimali Koreyanın Koreyaya və Yaponiyaya qarşı təhdid siyasəti də onun maraqlarına uyğundur. Bütün bu halları görən Trump hansı reallıqla üz-üzə qaldı? Dünənə qədər “Amerika ilə problemlərin həllinə ümid edirik” deyən Putin və Kim Çen In Çinə səfər etdilər, orada əməkdaşlıqdan, yeni reallıqlardan danışdılar. Bütün bunlar isə Qərb hegemoniyasına, ilk növbədə ABŞ hegemoniyasına qarşı yönəlib. Buna görə də Trump həm Putini, həm də Kim Çen In-ı yenidən hədəf taxtasına çıxardı. Hər nə qədər Çin yeni dünya nizamının formalaşmasında ciddi addımlar atsa da, Rusiyanın kollektiv Qərbə qarşı mübarizəsi burada mühüm rol oynasa da, Şimali Koreya faktoru önəmli olsa da, onlar hələlik ABŞ-ın hərbi və texniki imkanlarına çata bilmirlər. İndi Trump əslində Putini və Kim Çen In-ı hədəfə alaraq onlara təhlükə barədə xəbərdarlıq edir və onları geri çəkilməyə məcbur etməyə çalışır”.

Siyasi şərhçi sonda vurğulayıb ki, yaxın gələcəkdə ABŞ ya birbaşa, ya da dolayı yollarla Çini münaqişəyə cəlb etməsə, bir neçə il və ya bir neçə onillik ərzində Çin bütün sahələrdə ABŞ-ı geridə qoyacaq:

“Məhz buna görə də indi ABŞ son supergüc illərini yaşadığını anlayır. Çin qlobal güc mövqeyinə yüksəlməkdədir və Vaşinqton bu yolda Pekinə dəstək verə biləcək bütün ölkələri ya öz tərəfinə çəkməli, ya da zərərsizləşdirməlidir. Trumpın Putini və Kim Çen In-ı hədəf taxtasına çıxarması da buna hesablanır: ya ABŞ-ın şərtlərini qəbul edib mövcudluğunuzu qoruyacaqsınız, ya da Çin tərəfində yer alacaq və məhv ediləcəksiniz”.

Rəfiqə Namazəliyeva,

AzNews.az