- Siyasi müzakirə
- 3 Sentyabr 19:46
- 2 125
Oqtay Qasımov: Hindistanın siyasəti kiçik düşüncəlidir

“Hindistan və Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında üzvlüyünün bloklanması ilə bağlı məsələlər diqqət çəkir. Hindistanın böyük iddiaları olsa da, kiçik düşüncəli dövlət siyasəti yürütməkdə olduğu görünür. Belə ki, Pakistanla əlaqələrini əsas götürərək Azərbaycanla münasibətləri tamamilə korlamaq Hindistanın maraqlarına uyğun gəlmir. Hindistan uzun müddətdir Pakistanla münasibətləri bəhanə gətirərək, Azərbaycanın maraqlarına toxunan və ona zidd addımlar atmaqla, Cənubi Qafqazda öz mövqelərini gücləndirmək üçün Ermənistanı revanşizmə sövq edən əsas dövlətlərdən biri olub”.
Bu fikirləri Aznews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) son 25 ildə regional diplomatiyanın əsas platformalarından birinə çevrilib. Təşkilat təhlükəsizlik, iqtisadi əməkdaşlıq və Qlobal Cənub ölkələrinin maraqlarının müdafiəsində mühüm rol oynayır. Çin Azərbaycanın ŞƏT-ə üzvlüyünü dəstəkləsə də, Hindistan Bakının tamhüquqlu üzvlük təklifini bloklayıb. Siyasi ekspertlər bunu Azərbaycan-Pakistan əlaqələri ilə əlaqələndirir və Hindistanın məhdud yanaşmasının göstəricisi sayır.
Politoloq qeyd edib ki, Ermənistanın ən aktiv şəkildə silahlandığı ölkələr sırasında Hindistan da yer alır.
“Bəs Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında üzvlüyünün bloklanması ölkənin gələcək maraqlarına hansısa neqativ təsir göstərə bilərmi? Mən belə düşünmürəm. Azərbaycan indiyə qədər apardığı siyasəti bloklarda və ya böyük formatlarda iştirak etmədən də həyata keçirə bilir. Ölkə iştirak etdiyi bütün formatlarda digər dövlətlərin maraqlarına hörmət edərək, öz maraqlarını qorumaq istiqamətində addımlar atır və bu, heç kimin maraqlarına ciddi təsir etmir. Azərbaycanın xarici siyasəti balanslı və çoxfaktorlu bir siyasətdir. Ölkə Şanxay Əməkdaşlıq Təşkilatının üzvlərinin əksəriyyəti ilə yüksək səviyyəli münasibətlərə malikdir. Təşkilatın aparıcı dövləti olan Çinlə strateji tərəfdaşlıq münasibətləri qurulub, mərkəzi Asiya ölkələri və Pakistanla isə strateji tərəfdaşlıq və möhkəm münasibətlər mövcuddur. Rusiya ilə hazırda müəyyən soyuqluq olsa da, münasibətlər sistemli şəkildə davam edir. İranla son dövrlər münasibətlərin normallaşması istiqamətində də ciddi addımlar atılıb. Buna görə də Hindistanın bu addımının Azərbaycanın maraqlarına ciddi zərər verəcəyini düşünmək olmaz. Azərbaycan Prezidenti də Pakistan Baş Naziri ilə görüşdə bildirib ki, bu davranışların ölkəmiz üçün heç bir əhəmiyyəti yoxdur. Önəmli olan Pakistanla dostluq və qardaşlıq münasibətləridir. Yəni, Şanxay Əməkdaşlıq Təşkilatında yaranan soyuqluq Azərbaycanın mövqelərinə ciddi təsir göstərməyəcək”.
Rəfiqə Namazəliyeva,
AzNews.az