Azər Həsrət: Ermənistan Fransadan real fayda görməyəcəyini yaxşı anlayır

“Ermənistanın Fransaya yaxınlaşmasından danışmaq olar, lakin bu, yeni bir hal deyil. Onsuz da Fransa ilə Ermənistan arasında münasibətlər həmişə yaxın olub. Fransa Ermənistanı bacısı hesab edir, Ermənistan da Fransanı. Onlar bütün mərhələlərdə birlikdə olublar və indi də bu xətt davam edir. Paşinyanın son səfəri də qeyri-adi bir hadisə deyil, münasibətlər sadəcə qaldığı yerdən davam edir. Bizi narahat edirmi? Məncə, artıq bu mərhələdə ciddi narahatlığa ehtiyac yoxdur. Çünki Ermənistan rəhbərliyi, başda Nikol Paşinyan olmaqla, Fransadan real fayda gəlməyəcəyini kifayət qədər yaxşı anlayıb. Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətləri ilə bağlı Fransa yalnız zərər gətirə bilər və bu zərər də nəticə etibarilə Ermənistanın öz başında çatlaya bilər. Ermənistan bunu dəfələrlə görüb və öz üzərində hiss edib”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Xatırladaq ki, Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlar Ermənistanı daha çevik və balanslı siyasət yürütməyə vadar edir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 4-də Parisə işgüzar səfər edəcək. O, Fransanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək. Səfərin məqsədinin iki ölkə münasibətlərinin gələcək istiqamətlərini və regional əməkdaşlıq formatını müzakirə etmək olduğu bildirilir.

Siyasi şərhçi bildirib ki, bundan sonra Ermənistanın Fransanın təhriki ilə hər hansı gərəksiz addım atacağına inanmır.

“Azərbaycan da bu məsələyə görə narahat olmamalıdır. Ermənistan müstəqil dövlətdir, xarici siyasətində sərbəstdir – hara gedəcək, kimlə görüşəcək, hansı qərarları verəcək, bu, onun öz işidir. Biz yalnız Ermənistanın üçüncü tərəflər vasitəsilə Azərbaycanla münasibətləri pozmaq cəhdlərinə qarşıyıq. Azərbaycan rəhbərliyi bu mövqeyi həm sahədə, həm də danışıqlar masasında Ermənistana dəfələrlə izah edib. Düşünürəm ki, artıq onların səhv etmək üçün limiti tükənib”.

Rəfiqə Namazəliyeva,

AzNews.az