“Zəngəzur dəhlizi Gürcüstan marşrutlarını ikinci plana keçirməyəcək” - Sədrəddin Soltan

“Cənubi Qafqaz respublikaları geosiyasi baxımdan beynəlxalq münasibətləri ayrı-ayrılıqda deyil, ümumi şəkildə qururlar. Yəni region daha çox bütöv olaraq təqdim olunur. Gürcüstanda son parlament seçkilərindən sonra müxalifətlə münasibətlərdə müəyyən problemlər yarandı. Bu vəziyyət Avropa İttifaqı, ABŞ və NATO ilə əlaqələrə də mənfi təsir göstərdi. Bunun əsas səbəbi isə hakimiyyətin Rusiya ilə münasibətləri yaxşılaşdırmaq, onları bərpa etmək istəyi idi. Seçki kampaniyası dövründə iqtidar bəyan edirdi ki, Rusiya ilə iqtisadi münasibətləri inkişaf etdirmək lazımdır və Moskva coğrafi baxımdan Qərbdən və ABŞ-dən daha yaxındır. Seçkilərdən sonra müxalifətə qarşı sərt münasibət göstərilməsi isə Rusiyayla yaxınlaşma istiqamətində atılan addımlar kimi dəyərləndirildi. Bu səbəbdən Avropa İttifaqı, ABŞ və NATO Tiflis ilə münasibətləri dayandırdı, bir sıra layihələr ləğv edildi”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Sədrəddin Soltan deyib.

Xatırladaq ki, son illərdə dəyişən geosiyasi şərait Gürcüstanın regional və beynəlxalq mövqeyini zəiflədib. Qərblə sıx münasibətləri ilə tanınan ölkə hazırda proseslərdən kənarda qalır. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Donald Trampa məktubunda səsləndirdiyi narahatlıqlar da bunun göstəricisidir. O, “dərin dövlət”i ölkəni müharibəyə sürükləməkdə ittiham edir və Trampın regiondakı proseslərə diqqət yetirdiyi halda Gürcüstanı nəzərdən qaçırdığını vurğulayır.

Siyasi şərhçinin sözlərinə görə, son zamanlar Gürcüstan hakimiyyəti, xüsusilə prezident və baş nazir, Avropa İttifaqına xoşməramlı mesajlar göndərirlər.

“Məsələn, ötən gün baş nazir Kobaxidze bəyan etdi ki, Avropa İttifaqının şərtlərini qəbul etməyə hazırdırlar. Bu isə belə anlaşılır ki, Rusiyayla münasibətləri bərpa etmək siyasəti istənilən nəticəni verməyib və hökumət əvvəlki mərhələyə qayıtmağa, yaxud da Rusiya ilə Qərb arasında siyasi manevrlər etməyə üstünlük verir. Bununla belə, düşünmürəm ki, Gürcüstan bu addımlara görə strateji əhəmiyyətini itirir. Çünki Gürcüstan Qara dəniz ölkəsidir və Cənub–Şimal nəqliyyat dəhlizinin Avropaya çıxışı üçün əsas marşrutlardan biridir. Zəngəzur dəhlizinin açılması isə Gürcüstandan keçən xəttlərin ikinci plana keçməsi anlamına gəlmir. Fikrimcə, hər iki marşrut fəaliyyət göstərəcək. Sadəcə olaraq, Gürcüstan siyasi elitası hələ də Qərb və Rusiya arasında seçim etməkdə çətinlik çəkir. Hazırda Zəngəzur dəhlizi fəaliyyətə başlamayıb. Bütün infrastruktur və nəqliyyat xətləri Gürcüstandan keçməkdə davam edir. Buna görə də məsələ iqtisadi yox, daha çox siyasi xarakter daşıyır. Əgər Gürcüstan Rusiya ilə münasibətlərdə aydın mövqe ortaya qoysa, Qərblə əməkdaşlıq çərçivəsində əvvəlki layihə və planların icrası yenidən bərpa oluna bilər”.

Rəfiqə Namazəliyeva,

AzNews.az