- Siyasi müzakirə
- 19:42
- 1 535
“Rusiya Azərbaycanın yeni vizionunu qəbul etmir” - Əli Mustafayev

“Ümumiyyətlə, Rusiya-Azərbaycan münasibətlərinin bu qədər kəskinləşməsi alışılmış hal deyil və görünən ciddi səbəblər də yoxdur. Belə şəraitdə münasibətlərin gərginləşməsinin əsas səbəbkarı Rusiyadır kimi düşünmək olar. Təyyarələrimizə və miqrantlarımıza yönəlmiş hücumlar, mətbuatda Azərbaycan əleyhinə təhdidlər diqqəti cəlb edir. Əlbəttə, bunun müəyyən səbəbləri ola bilər, bəlkə bəzi kanallarla açıqlanır, bəlkə də açıqlanmır. Eyni zamanda Rusiyanın Azərbaycanla bağlı planları da mövcud ola bilər və bu hücumlar ondan qaynaqlanmaya bilər. Normalda münasibətlərin bu qədər qabarıq şəkildə soyuqlaşması həm Rusiya, həm də Azərbaycan üçün xarakterik deyil. Uzun illər mövcud olan münasibətlər birdən fərqli, ciddi bir xarakter aldı və yeni bir model ortaya çıxdı”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Pekində keçirilən sammit çərçivəsində təşkil olunan brifinqdə Azərbaycanla münasibətlərdən danışıb. O bildirib ki, Azərbaycan və Rusiya arasındakı fundamental münasibətlər bütün məsələləri öz yerinə qoyacaq. “Münasibətlərdə həmişə cari vəziyyətdən irəli gələn məsələlər və problemlər olur. Lakin Azərbaycan Prezidenti İlham Əliyevlə salamlaşdıq və qısa bir söhbət etdik”, – Putin vurğulayıb.
Siyasi şərhçinin sözlərinə görə, Rusiya tərəfi münasibətləri davam etdirmək istədiyini nümayiş etdirir.
“Ticari və iqtisadi məsələlərdə isə hər şey nizamlı şəkildə davam edir; ekspertlərə görə, iqtisadi-ticari dövrümüz hətta artıb. Bu şəraitdə siyasi münasibətlərin və psixoloji ab-havanın gərginləşməsi isə əlavə izahata ehtiyac yaradır. Əgər bu yalnız şəxsi və ya sırf siyasi məsələlərdən qaynaqlanmırsa, dövlətlərarası münasibətlərdə Rusiya Azərbaycanın hansı dəyişiklikləri istədiyini, hansı yavaşlamaları arzuladığını müəyyənləşdirməyə çalışır. Bütün hallarda Rusiya Azərbaycanın yeni vizionunu qəbul etmir kimi görünür. Azərbaycan isə 30 illik müstəqilliyini möhkəmləndirmək, beynəlxalq münasibətlərdə tərəfdaşlarını artırmaq istiqamətində doğru addımlar atır. Rusiyanın buna bəyənib-bəyənməməsi və ya narazılığı məsələnin mahiyyətini dəyişmir; Azərbaycan milli maraqlarından çıxış edir və bu, münasibətlərin normallığına xidmət edir. Rusiya imperiya prizmasından yanaşaraq hesab edir ki, keçmiş sovet məkanındakı dövlətlər onun əmrlərinə uyğun hərəkət etməlidir. Lakin indi vəziyyət fərqlidir. Rusiyanın bu yeni reallığa alışması münasibətlərin normallaşması üçün vacibdir. Açıqlamalardan görünür ki, tərəflər sərtləşmənin davam etməsini istəmirlər, amma gərginliyin tamamilə aradan qalxmasını da gözləmirlər. Buna görə bir qədər zaman lazımdır ki, Rusiya nə istədiyini aydınlaşdırsın və gərginliyin haraya yönələcəyi müəyyənləşsin”.
Rəfiqə Namazəliyeva,
AzNews.az