“TDT artıq mədəni deyil, strateji əməkdaşlıq platformasıdır” - Tural İsmayılov

“Son illərdə Türk Dövlətləri Təşkilatı (TDT) regional və beynəlxalq sistemdə öz nüfuzunu ciddi şəkildə artırmaqdadır. Bu artım təsadüfi deyil, həm tarixi köklərdən, həm də müasir geosiyasi reallıqlardan qaynaqlanır. TDT-nin əsas məqsədi yalnız mədəni inteqrasiya deyil, həm də siyasi və iqtisadi güc mərkəzinə çevrilməkdir. Türk dünyasının birləşməsi artıq emosional şüar səviyyəsindən çıxaraq strateji gündəliyə çevrilib. Azərbaycanın bu prosesdə oynadığı rol həlledici xarakter daşıyır. Birincisi, Azərbaycan TDT-nin mərkəzi əlaqələndirici gücü kimi çıxış edir. Bakı həm coğrafi baxımdan, həm də diplomatik aktivliyinə görə təşkilat daxilində balans yaradır. İkincisi, Azərbaycan enerji diplomatiyası vasitəsilə türk dünyasını Qərblə bağlayan strateji körpü rolunu oynayır. TANAP, TAP və digər layihələr təkcə iqtisadi deyil, siyasi inteqrasiya mexanizmləridir. Üçüncüsü, Azərbaycan Qarabağ Zəfərindən sonra türk dövlətlərinə özünəinam nümunəsi göstərdi”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Qeyd edək ki, son illərdə Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyəti həm regional, həm də beynəlxalq müstəvidə getdikcə daha çox diqqət mərkəzinə çevrilib. Azərbaycanın təşəbbüsləri və Türk dünyasının inteqrasiyasına verdiyi töhfələr bu qurumun tədricən qlobal güc mərkəzinə çevrilməsində mühüm rol oynayır.

Siyasi şərhçi bildirib ki, bu qələbə Türk dünyasının bütün üzvlərində milli güc və həmrəylik hissini daha da gücləndirdi.

“Hazırda TDT yalnız mədəni platforma deyil, həm də təhlükəsizlik və strateji əməkdaşlıq bloku kimi formalaşır. Bu baxımdan Azərbaycan regional təhlükəsizlik və sabitlik ideyasının təşəbbüskarlarından biridir. TDT-nin fəaliyyəti həm Qərbin, həm də Rusiyanın diqqətini cəlb edir, çünki bu təşkilat artıq müstəqil güc mərkəzi olmağa doğru gedir. Türk dövlətləri arasında nəqliyyat və logistika layihələrinin genişlənməsi – xüsusilə Zəngəzur dəhlizi məsələsi – inteqrasiyanın real təməlini yaradır. Azərbaycan bu layihələrdə həm iqtisadi, həm də siyasi lider kimi çıxış edir. Eyni zamanda Bakı diplomatik çevikliyi ilə TDT-nin beynəlxalq tanınmasını sürətləndirir. Təşkilat artıq müşahidəçi statusunda olan dövlətləri də öz orbitinə cəlb edir. Ümumilikdə, TDT-nin yüksəlişi qlobal güc bölgüsünün dəyişdiyi bir dövrdə baş verir. Azərbaycan bu dəyişimin mərkəzində dayanan ölkədir. Prezident İlham Əliyevin türk dünyası ilə bağlı ardıcıl siyasəti TDT-nin siyasi dinamizmini təmin edir. Nəticə etibarilə, TDT-nin güclənməsi həm türk xalqları üçün tarixi reallığın bərpasıdır, həm də yeni geosiyasi alternativin formalaşması deməkdir. Azərbaycanın rolu isə bu inteqrasiyanın həm ideoloji, həm də strateji lokomotivi olmaqdır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az