- Siyasi müzakirə
- 6 Oktyabr 21:30
- 1 954
“İran qadınların hüquqlarını tanımalı və qorumağa borcludur” - Azər Həsrət

“Əvvəlcə bir məsələyə aydınlıq gətirmək lazımdır. Azərbaycan cəmiyyətində və dünyanın müxtəlif yerlərində Məhsa Əmininin döyülərək öldürüldüyü iddia edilir. Əslində isə onun ölümünü əks etdirən video görüntülər mövcuddur. Məhsa Əmini döyülərək öldürülməyib; o, xəstə olub və videodan görünür ki, dayanarkən yıxılıb və vəfat edib. Bu məsələnin bir tərəfidir. Xüsusi vurğulamaq lazımdır ki, Məhsa Əmini bir kürt qızı olduğu üçün onun üzərindən siyasi təbliğat aparılıb və onu qəhrəmana çevirməyə çalışıblar. Halbuki, bundan qat-qat artıq sayda türk qızları hicab məsələsinə görə şallaqlanır, döyülürdü, lakin bu barədə eyni səviyyədə təbliğat aparılmayıb. Məhsa Əmini isə hətta fiziki zorakılığa məruz qalmamış, sadəcə təbii səbəbdən ölmüşdü və bunun görüntüləri mövcuddur. Buna baxmayaraq, o, dünya miqyasında təbliğat vasitəsinə çevrilib”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Qeyd edək ki, İranda hicab qadağasının ləğv edildiyi və bundan sonra qadınların təqibə məruz qalmayacağı bildirilib. Qərarın maraqlı tərəfi odur ki, bu məhz 3 il əvvəl İranda hicab səbəbindən başlayan kütləvi aksiyaların ildönümünə təsadüf edir. 2022-ci ilin sentyabr ayında 22 yaşlı Məhsa Əmini hicaba görə polis zorakılığı nəticəsində vəfat etmişdi və bu, ölkədə geniş etirazlara yol açmışdı.
Siyasi şərhçi bildirib ki, hicab məsələsi 21-ci əsrdə bir dövlət üçün utanc verici bir tələbdir.
“İnsan haqlarından, qadın hüquqlarından, azadlıqdan, din və vicdan azadlığından danışdığımız bir dövrdə dövlətin qadınların mütləq başını bağlamalı olduğunu iddia etməsi orta əsrlərə aid yanaşmanı göstərir. İranda Fars mollaları hələ də bu məsələdə islahata imkan vermir. Ölkənin indiki prezidenti Məsud Pəzəşkiyan isə islahatlara hazırdır, elm adamıdır və dünya görüşünə malikdir. O, dinindən, məzhəbindən və türklüyündən imtina etmədən, qadınların baş örtüyü ilə bağlı islahatların qaçılmaz olduğunu düşünür. Son günlər İranda bu qadağanın ləğv edildiyi yönündə xəbərlər gəlsə də, bəzən ziddiyyətli məlumatlar yayılır. Videolar göstərilir ki, qadınlar artıq baş örtmədən gəzirlər, lakin ardınca xəbərlər gəlir ki, bu görüntülər saxtadır. Məsələnin tam həlli barədə indidən yekun fikir söyləmək çətindir. Buna baxmayaraq, çağırış etmək olar ki, İranda qadınların haqqı və hüquqları tanınmalıdır. Normal dövlət hər bir vətəndaşın, o cümlədən qadınların hüquqlarına hörmət etməli və onları qorumaqdadır. İranın xalq tərəfindən seçilmiş prezidenti Məsud Pəzəşkiyan bəzi addımlar atmaq istəyir, lakin ali dini rəhbərlik bunları əngəlləyir. Eyni zamanda, Məhsa Əmini hadisəsi üzərindən yenidən bir kürt kartının dövriyəyə buraxılması ehtimalı da vardır və bunu nəzərdən qaçırmaq olmaz”.
Rəfiqə Namazəliyeva,
AzNews.az