“START müqaviləsi qlobal nüvə təhlükəsini azaltmaq üçün ən mühüm sazişdir” - Əli Mustafayev

“START müqaviləsi — strateji hücum silahlarının azaldılmasına dair ABŞ və Rusiya arasında imzalanmış sazişdir. Bu müqavilənin əsas məqsədi nüvə silahlarının sayının məhdudlaşdırılması və qlobal təhlükəsizliyin təmin edilməsidir. İlk START müqaviləsi 1991-ci ildə SSRİ lideri Mixail Qorbaçov və ABŞ Prezidenti Corc Buş arasında imzalanıb. SSRİ-nin dağılmasından sonra isə 1993-cü ildə Rusiya Prezidenti Boris Yeltsin və ABŞ Prezidenti Corc Buş arasında START II adlı yeni müqavilə imzalanıb. 2010-cu ildə ABŞ Prezidenti Barak Obama və Rusiya Prezidenti Dmitri Medvedev tərəfindən Yeni START müqaviləsi imzalanıb. 2021-ci ildə ABŞ Prezidenti Co Bayden bu müqavilənin müddətini beş il uzadaraq 2026-cı ilin fevralınadək qüvvədə saxlayıb”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası Rusiya Prezidenti Vladimir Putinin START müqaviləsi üzrə məhdudiyyətlərin gələn il də saxlanması təklifini qəbul edib. ABŞ Silah Nəzarəti Assosiasiyasının rəhbəri Daryl Kimballın bildirdiyinə görə, bu addım nüvə silahlarının artmasının qarşısını alacaq və gərginliyi azaldacaq. Qeyd edək ki, 2026-cı ilin fevralında START müqaviləsinin müddəti başa çatır. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞ eyni öhdəlikləri qəbul edərsə, Kremlin tərəfi müqavilənin əsas məhdudiyyətlərini bir il daha yerinə yetirməyə hazırdır.

Siyasi şərhçi bildirib ki, hazırda Rusiya müqavilənin müddətinin yenidən uzadılmasını təklif edir, lakin ABŞ bu məsələyə ehtiyatlı yanaşır.

“START müqaviləsinə əsasən, tərəflər nüvə başlıqlarının sayını 1550 ədədlə məhdudlaşdırmaq öhdəliyini götürüblər. Bu saziş həm də silahların yerləşdiyi obyektlərdə qarşılıqlı nəzarət və yoxlamaların aparılmasını nəzərdə tutur. Qeyd edilməlidir ki, bu müqavilə yalnız ABŞ və Rusiyaya aiddir — Fransa, Böyük Britaniya və Çin bu razılaşmanın iştirakçısı deyillər. Buna görə də həmin ölkələrin öz nüvə potensiallarını artırmaq imkanları qalır. Bu müqavilənin məqsədi qlobal nüvə silahlanmasının qarşısını almaq və beynəlxalq gərginliyi azaltmaqdır. Çünki hazırda dünyada mövcud olan nüvə silahlarının təxminən 90 faizi ABŞ və Rusiyaya məxsusdur. ABŞ Silah Nəzarəti Assosiasiyasının rəhbəri Daryl Kimball qeyd edib ki, müqavilənin müddətinin uzadılması nüvə silahlarının artmasının qarşısını almağa və qlobal gərginliyi azaltmağa kömək edir. O, vurğulayıb ki, bu cür razılaşmalar dünyanı təhdid edən ən ciddi təhlükənin – nüvə müharibəsi riskinin azaldılmasına xidmət edir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az