- Siyasi müzakirə
- 8 Oktyabr 2025 19:15
- 5 891
“Rusiya beynəlxalq nüfuzunu və regional təsirini sürətlə itirir” - Elçin Xalidbəyli
“Kreml yaxşı anlayır ki, Rusiya beynəlxalq nüfuzunu və mövqelərini sürətlə itirməkdədir. Digər tərəfdən, Rusiyanın neoimperialist iddiaları artıq qlobal səviyyədə ciddi qəbul edilmir. Nəticədə, ölkə öz sərhədləri ətrafındakı regionlarda da təsirini itirmək təhlükəsi ilə üz-üzə qalıb və bu, Kreml daxilində panik əhval-ruhiyyə yaranmasına səbəb olub. Belə bir durumda, təsir və təzyiq mexanizmlərini itirən Rusiya yenidən təhdid və şantaj taktikasına əl atmaq məcburiyyətində qalır. Hazırda Cənubi Qafqaza yönəlmiş siyasətində də Moskva məhz bu təhdid və hədə-qorxu strategiyasını həyata keçirir. Rusiya hesab edir ki, Cənubi Qafqaz və Orta Asiya dövlətlərini qorxu altında saxlamaqla onların Qərblə yaxınlaşmasının qarşısını ala bilər”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Qeyd edək ki, Gürcüstandakı son etirazlar fonunda Aİ ilə Rusiya arasında Cənubi Qafqaz uğrunda təsir mübarizəsi yenidən gündəmə gəlib. Moskva Azərbaycan, Ermənistan və Gürcüstanı Aİ ilə yaxınlaşdıqları üçün tənqid edir.
Siyasi şərhçi qeyd edib ki, bu yanaşma artıq köhnəlmiş və öz effektivliyini itirib.
“Müasir dövrdə hər hansı regionda təsirə malik olmaq, qarşılıqlı münasibətlər qurmaq üçün iqtisadi və ticari əməkdaşlıq əsas şərtlərdən biridir. Rusiya isə bu sahədə nə Cənubi Qafqaz, nə də Orta Asiya ölkələrinə real alternativlər təklif edə bilir. Məhz buna görə də həm Cənubi Qafqaz, həm də Orta Asiya dövlətləri Qərblə daha sıx münasibətlərin qurulmasında maraqlıdırlar. Azərbaycan isə bu məsələdə konkret istiqamət seçmir, əksinə, çoxvektorlu siyasət yürüdür. Bakı yalnız öz milli maraqları çərçivəsində həm Asiya, həm də Avropa dövlətləri ilə iqtisadi və ticari əlaqələrə önəm verir. Bu mənada, nə Rusiyanın, nə də Qərbin maraqları Azərbaycan üçün əsas meyar deyil. Ölkənin siyasətində həlledici faktor Azərbaycanın inkişaf perspektivləri və milli maraqlarıdır. Rusiya tərəfindən Azərbaycana yönəlik təzyiq və təhdid cəhdləri isə müasir reallıqlarda təsirli deyil. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, istər Rusiyanın, istərsə də ABŞ və Avropa İttifaqının təzyiqlərinə qarşı dayana biləcək siyasi iradəyə və gücə malikdir. Azərbaycan bu məsələdə prinsipial və qətiyyətli mövqeyini qorumaqda israrlıdır”.
Rəfiqə Namazəliyeva,
AzNews.az