“Sülh yaxın olsa da, Aİ müşahidəçiləri gərginlik mənbəyinə çevrilir” - Mübariz Göyüşlü

“Avropa İttifaqı və Kanadadan olan müşahidəçilərin missiyası artıq faktiki olaraq tamamlanıb. Hazırkı vəziyyət göstərir ki, Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasına çox yaxın dayanıb və bölgədə müəyyən səviyyədə sabitlik mövcuddur. Tərəflər bu vəziyyəti dəfələrlə açıqlayıblar, bu isə göstərir ki, sülh prosesi artıq reallığa çevrilmək üzrədir. Buna baxmayaraq, Ermənistanın monitorinq qrupunun fəaliyyətini davam etdirməsi və bunun üçün şərait yaratması münaqişə perspektivində yeni gərginlik mənbəyi ola bilər. Bu addım sülh prosesinə təxribatçı təsir kimi dəyərləndirilə bilər”.

Bu fikirləri Aznews.az-a açıqlamasında "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Xatırladaq ki, 8 avqustda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi paraflansa da, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası fəaliyyətini davam etdirir. Hazırda 200 müşahidəçi sərhəddə patrul aparır. Münaqişənin olmadığı şəraitdə bu missiyanın fəaliyyəti hüquqi və siyasi suallar doğurur və geosiyasi maraqlara xidmət etdiyi təəssüratı yaradır.

Siyasi şərhçi qeyd edib ki, hazırkı monitorinq qrupu Ermənistan üçün faktiki təhlükəsizlik təminatı vermir.

"Təhlükəsizlik yalnız sülh sazişi imzalandıqdan və sərhədlər dəqiq müəyyənləşdirildikdən sonra təmin oluna bilər. 200 nəfərlik heyət — əsasən təqaüdə çıxmış jandarma və polis əməkdaşlarından ibarət — bu rolu reallıqda yerinə yetirə bilmir. Onların ölkədə mövcudluğu münasibətlərdə əlavə gərginlik yaradır və bu vəziyyət Ermənistan tərəfindən nəzərə alınmalıdır. Nəticə etibarilə, mövcud monitorinq strukturu daha çox simvolik xarakter daşıyır və onun fəaliyyətinin davam etdirilməsi əsl təhlükəsizlik təminatı yaratmır. Bu, həm sülh prosesinin irəliləməsinə maneə, həm də regiondakı stabilliyə əlavə risk kimi qiymətləndirilə bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az