“Qəzza müharibəsi həm daxili, həm də beynəlxalq siyasətin alətinə çevrilib” - Kənan Novruzov

“Məsələ əvvəla odur ki, İsrail HƏMASI tam məhv edə bilməyəcək. Niyə? Çünki HƏMAS təkcə hərbi təşkilat deyil — o, həm də ideologiyadır. Ideologiyanı məhv etmək demək olar ki, qeyri‑mümkündür və uzun illər tələb edir. Yəni söhbət yalnız təşkilatı sıradan çıxarmaqdan getmir; burada daha dərin, ideoloji qatlar da mövcuddur. Bu, münaqişənin fundamental iki məqamından biridir. Müharibəni bitirmək İsrail üçün sərfli deyildi. Artıq İsrailin siyasi elitasında və xalq arasında müəyyən narazılıq vardı — bir qisim insanlar hökumətin siyasətindən razı deyildi. Atəşkəs elan olunduqdan sonra, Netanyahu Vaşinqtona gedib qayıtdıqdan niyə müharibəni uzadırdı? Çünki onun hakimiyyəti müharibədən asılı idi: müharibə dayandırılanda beynəlxalq təzyiqlər arta, ictimai narazılıq yüksələ və hakimiyyət üçün risklər yarana bilərdi”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Xatırladaq ki, İsrailin Qəzzaya qarşı strategiyası təkcə təhlükəsizlik yox, həm də siyasi və demoqrafik məqsədlər daşıyır — məqsəd HƏMAS-ı zəiflətmək və bölgəni boşaltmaqdır. Sülh danışıqları əsasən HƏMAS-ın əlindəki israilli əsirlərin azad olunmasına yönəlib və bu, İsrail daxilində siyasi təzyiqlər yaradır; əsirlərin azadlığından sonra hərbi əməliyyatların genişlənməsi ehtimalı qalır. ABŞ isə Ağ Evin narahatlığına görə Netanyahunun Vaşinqtonun Qəzza üzrə planını poza biləcəyindən ehtiyat edir və əsas məqsəd HƏMAS-a qarşı genişmiqyaslı hücumu əngəlləyərək sülh prosesini davam etdirməkdir.

Siyasi şərhçi qeyd edib ki, adətən müharibə şəraitində bu cür təzyiqlərin idarə olunması daha asan olur.

"Amma praktika göstərdi ki, atəşkəs elan edildi, tərəflər görüşdü, Netanyahu Vaşinqtondan qayıtdı və nəticədə atəşkəs qüvvədə qaldı — o da hakimiyyəti dəyişmədən. Mənim fikrimcə, bu vəziyyətdə Tramp Netanyahuya bir növ vəd vermişdi: “Səni hakimiyyətdə saxlamağa kömək edəcəm.” Bu vəd qarşılıqlı şərtlər əsasında idi və Netanyahu da Trampın müəyyən şərtlərinə razılaşmalı idi. Atəşkəsin dayandırılması ilə bağlı siyasi motivlər daha mürəkkəb idi. Tramp niyə atəşkəsə çalışırdı? Bir tərəfdən, ABŞ‑ın regiondakı strateji maraqlarını qorumaq istəyi var idi; digər tərəfdən, İsrailin İran və Qətər istiqamətindəki hərəkətləri ABŞ‑ı narahat edirdi. Belə bir kontekstdə atəşkəs pozuldu: İsrail atəşkəsi pozdu, ABŞ HƏMASA xəbərdarlıq etdi və sonradan pozuntuların məsuliyyətini “radikallar”ın üzərinə yıxmağa çalışdı. Trampın açıqlamalarında da bu məntiqlə rastlaşdıq — guya atəşkəsi pozanlar HƏMAS-dakı radikallardır. Tramp demək istəyirdi ki, “HƏMAS mənə verdiyi sözü tutur; mən ciddi adamam və HƏMAS da sözünə sadiqdir.” Beləliklə, məsuliyyəti HƏMAS-dakı radikalların boynuna qoymaq siyasəti izlənildi. Mən bunu belə qiymətləndirirəm: İsraildə müharibənin davam etdirilməsi həm daxili hakimiyyət maraqlarına, həm də regional və beynəlxalq — xüsusilə ABŞ ilə — əlaqələrə xidmət edirdi. Münaqişənin tam şəkildə söndürülməsi məqsədindən çox, ocağın müəyyən dərəcədə oyaq saxlanması, “könüllü” gərginliyin qorunması görünürdü. Bu həm də ABŞ‑a ünvanlanan bir siqnaldır: “Əgər sən mənim maraqlarıma zidd addım atsan və ya mənim hakimiyyətimi təhdid etsən, mən HƏMAS adı altında döyüşləri yenidən bərpa edə bilərəm.” Bu siqnal həm regional aktorlara, həm də daxili auditoriyaya yönəlib — qorxutma və möhkəmlənmə vasitəsi kimi işləyir".

Rəfiqə Namazəliyeva,

AzNews.az