- Siyasi müzakirə
- 27 Oktyabr 22:37
- 1 371
“Yeni geosiyasi reallıqlar Ermənistanı Rusiyadan uzaqlaşdırır” - Həşim Səhrablı
“Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar, ilk növbədə, Ermənistanın xarici siyasətində və onun Rusiya ilə münasibətlərində ciddi dəyişikliklərə səbəb olub. Biz bu prosesi yalnız 2018-ci ildə Ermənistanda baş verən inqilabla və həmin inqilabdan sonra formalaşan qərbyönlü hakimiyyətlə əlaqələndirsək, bu, yanlış yanaşma olar. Məsələ bununla məhdudlaşmır. Hər nə qədər Nikol Paşinyan qərbyönlü siyasi fiqur kimi tanınsa da, əgər regional reallıqlar buna şərait yaratmasaydı, o, anti-Rusiya ritorikasını bu qədər açıq şəkildə və yüksək tribunalardan səsləndirə bilməzdi. Paşinyana bu fürsəti verən əsas amil Cənubi Qafqazda yaranmış yeni geosiyasi vəziyyətdir. Bu reallığın formalaşmasında 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi mühüm rol oynadı. Azərbaycan bu müharibədə qələbə qazanaraq öz torpaqlarını işğaldan azad etdi. Daha sonra 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatları ilə bu proses tam başa çatdı və qondarma rejimin qalıqları ya bölgəni tərk etdilər, ya da Azərbaycan tərəfindən saxlanıldılar. Məhz bundan sonra Ermənistan Rusiyanın ona qarşı ən böyük təsir vasitəsi olan “Qarabağ yükündən” azad olmuş oldu. Bu yük Ermənistan üçün həm iqtisadi, həm hərbi, həm də diplomatik baxımdan çox ciddi bir problem idi”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Xatırladaq ki, Cənubi Qafqazda baş verən geosiyasi dəyişikliklər Ermənistanın daxili və xarici siyasətinə ciddi təsir göstərib. Qarabağ münaqişəsinin başa çatması və yeni regional reallıqlar İrəvanın qarşısında mühüm seçimlər qoyub. Bir tərəfdən, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması, uzunmüddətli sülhün təmin edilməsi zərurəti dayanır. Digər tərəfdən isə köhnə siyasi qüvvələrin və revanşist dairələrin bu prosesi əngəlləmək cəhdləri müşahidə olunur. Hazırda Ermənistan cəmiyyəti seçim qarşısındadır: ya regional reallıqları qəbul edib əməkdaşlıq yolunu tutacaq, ya da illərlə ölkəni dalana salmış siyasətin təsiri altında qalacaq. Ermənistanın gələcək taleyi və bölgədə sabitliyin qorunması isə məhz bu siyasi iradədən asılı olacaq.
Siyasi şərhçi qeyd edib ki, Qarabağın işğalı Ermənistanın beynəlxalq imicinə ciddi zərbə vurmuş, ölkəni sivil dünyadan təcrid etmişdi.
"Beynəlxalq ictimaiyyətin böyük hissəsi yaxşı bilirdi ki, burada işğalçı tərəf Ermənistan idi. Bu, Ermənistanın dünya arenasında təmsilçiliyinə, diplomatik əlaqələrinə, iqtisadi əməkdaşlıq imkanlarına mənfi təsir göstərirdi. İndi isə bu yükdən azad olan Ermənistan beynəlxalq inteqrasiya istiqamətində müəyyən irəliləyişlər nümayiş etdirməkdədir. Digər tərəfdən, Paşinyan hakimiyyəti artıq tranzit məsələlərinin, qlobal ticarətin, regional kommunikasiya xətlərinin əhəmiyyətini daha dərindən dərk etməyə başlayıb. Ermənistan hökuməti indi suallar qoyur: qlobal ticarət nədir, ona necə qoşulmaq mümkündür, tranzit yollar ölkəyə hansı dividendləri gətirə bilər və s. Əvvəlki hakimiyyətlər isə bu reallıqları nəzərə almadan, Moskvanın diktəsi ilə hərəkət edir, Ermənistanın maraqlarına xidmət edə biləcək layihələrdən imtina edirdilər. Məsələn, Azərbaycan qazının Türkiyə və oradan Avropaya nəqli məsələsini götürək. Bu marşrut Gürcüstan üzərindən keçdiyi üçün həm məsafə artır, həm də tranzit xərcləri yüksəlir. Əgər bu yollar vaxtında Ermənistan ərazisindən keçsəydi, ölkə iqtisadi baxımdan çox böyük üstünlüklər əldə edə bilərdi. Bu, həm tranzit gəlirləri baxımından mühüm dividendlər gətirərdi, həm də Ermənistanın regional əməkdaşlıqda aktiv rol almasına imkan yaradardı. Amma Ermənistan əvvəlki illərdə bu fürsəti əldən verdi. Moskvanın təsiri altında formalaşan radikal siyasət nəticəsində regiondakı geosiyasi üstünlüklərdən faydalana bilmədi. Bu gün isə Paşinyan hakimiyyəti fərqli siyasət yürütməyə, ölkəni uzunmüddətli blokadadan çıxarmağa çalışır. Ermənistan qərbdən Türkiyə, şərqdən isə Azərbaycanla münasibətlərini normallaşdırmaqla həm iqtisadi, həm də siyasi blokadadan xilas ola bilər. Bu prosesin nə dərəcədə uğurlu olacağı hələlik bəlli deyil. Lakin ümumi mənzərə onu göstərir ki, Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar Ermənistanın dünya ilə inteqrasiyasına, iqtisadi və diplomatik təcriddən çıxmasına şərait yaradır. Bu məqsədlə Ermənistan ilk növbədə daxili – xüsusilə də konstitusion məsələləri həll etməlidir. Azərbaycan və Türkiyə ilə münasibətlərdə düşmənçilik ritorikasından imtina olunmalı, qarşılıqlı etimad mühiti formalaşdırılmalıdır. Vaxtilə Paşinyanın Azərbaycanın cənub bölgələrinə iddia ilə çıxış etməsi kimi “xəstə təfəkkürlərdən” tam şəkildə uzaqlaşmaq lazımdır. Ermənistan cəmiyyəti sivil dəyərlər əsasında formalaşdırılmalı, dövlət idarəçiliyi beynəlxalq normalara uyğunlaşdırılmalıdır. Bütün bu proseslər uğurla həyata keçirilərsə, Ermənistanın xarici siyasətində yeni istiqamətlər və imkanlar açılacaq. Hazırda ölkənin xarici siyasəti Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqlar fonunda Rusiyadan uzaqlaşma, Qərblə inteqrasiya və bölgədə sabitliyin bərqərar olması istiqamətində formalaşmaqdadır. Lakin burada müəyyən ehtiyatlılıq da vacibdir. Ermənistanın silahlanma proseslərini davam etdirdiyi, revanşist dairələrlə əlaqələrini tam kəsmədiyi barədə məlumatlar var. Bu isə regionda sabitlik baxımından risk yaradır. Azərbaycan tərəfi bu tendensiyaları yaxından izləyir və öz xarici siyasətində bu ehtimalları nəzərə alaraq addımlar atır. Nəticə etibarilə, Ermənistanın bu gün regional proseslərdə aktiv oyunçuya çevrilməsi üçün real imkanları məhduddur. O, enerji resurslarına malik deyil, tranzit baxımından Azərbaycan qədər strateji əhəmiyyət daşımır, iqtisadi və siyasi gücü də regionda aparıcı rol oynamasına imkan vermir. Buna görə də hazırda Ermənistan daha çox passiv müşahidəçi kimi çıxış edir. Lakin passiv müşahidəçi olsa belə, onun üzərinə bölgədə sülhün və sabitliyin bərqərar olunması üçün mühüm öhdəliklər düşür. Ermənistan bu öhdəlikləri dərk etməli, regionun yeni reallıqlarına uyğun siyasət aparmalıdır. Yalnız bu halda Cənubi Qafqazda sülh bərqərar ola, qarşılıqlı etimad formalaşa və regionda davamlı inkişaf təmin oluna bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az