Bu addım Bakıya axının qarşısını alacaq - DEPUTAT

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Xalqcəbhəsi.az-a müsahibə verib.
Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Prezident 2026-cı ili şəhərsalma və memarlıq ili elan etdi. Gözləntilərinizi bilmək maraqlı olardı...

- Öncə xalqımızı qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm, 2026-cı ilin xalqımız üçün daha uğurlu olmasını arzulayıram.
Şəhərsalma tikinti deməkdir. Gələn il bu sahədə inhisarçılıq aradan qaldırılacaqsa, tikintiyə icazə vermək səlahiyyəti yerli icra hakimiyyəti orqanlarına veriləcəksə, ölkəmizdə iqtisadiyyatın sürətli inkişafı təmin olunacaq, qeyri-neft sektoru inkişaf edəcək. Bu sahə ilə əlaqəli yeni istehsal müəssisələri yaradılacaq, mənzillərin qiyməti aşağı düşəcək,10 minlərlə yeni iş yerləri açılacaq, büdcə daxilolmaları dəfələrlə artacaq.
Bakının bir çox rayonlarında yağış yağanda evlər su ilə dolur. Mikrorayonlarda köhnə, el arasında “xruşşovka” adlanan 5 mərtəbil binaların istismar müddəti çoxdan bitib, onlar yaşayış üçün minimal standartlara belə cavab vermir. Zirzəmiləri kanalizasiya suyu dolmuş bir çox 9 mərtəbəli binalar belə sökülüb yenidən tikilməli, yeni parklar salınmalı, mədəniyyət obyektləri, idman meydançaları tikilməlidir. Bunu etmək istəyən çoxsaylı özəl tikinti şirkətləri var, amma onlara bu işləri görmək üçün icazə verilmir. İnsanlar illərdir gözləyir ki, onların qəzalı evləri nə vaxt söküləcək və onlar nə vaxt müasir ev, yaxud kompensasiya alacaqlar. Gələn il bu sahədə iqtisadi azadlıqlar təmin ediləcəksə bunu yalnız alqışlamaq olar. Tikintiyə icazənin yerli hakimiyyət orqanlarına verilməsi regionların inkişafına töhfə verəcək, Bakıya axının qarşısını alacaq. Şəhərsalma həm də müasir infrastrukturun yaradılması, yeni yollar, tramvay xətləri, metro tikintisi, yeni kanalizasiya xətləri və s. deməkdir. Allaha dua edək ki, bu istiqamətdə ciddi qərarlar qəbul olunsun.

- Qüdrət bəy, Rusiya 25 dekar 2024-cü ildə Qroznı üzərində sərnişin təyyarəsini vuranları məsuliyyətə cəlb etmədi. Azərbaycanın reaksiyası necə olmalıdır?

- Görünür, ya Rusiya Azərbaycanla münasibətləri hələlik qaydaya salmaqda maraqlı deyil, ya da onları məsuliyyətə cəlb etməkdə rəsmi Moskvanın ciddi çətinlikləri var. Ona görə təmkinli davranmalıyıq. Baş Prokurorluğun əlində kifayət qədər sübutlar varsa, Bakıda qiyabi məhkəmə prosesi keçirilməli, həmin şəxslər məhkum olunub beynəlxalq axtarışa verilməlidir. Azərbaycan Rusiya ilə münasibətlərin daha da pisləşməsinə yol vermədən, əgər ikitərəfli qaydada məsələnin ədalətli həllinə nail olmaq mümkün olmadısa, onun beynəlxalq müstəvidə hüquqi həllinə nail olmağa çalışmalıdır.

- Gələn il Ermənistanla sülh sazişi imzalana bilərmi?

- Bunun üçün əlverişli regional vəziyyət olmalıdır. Bu yalnız bizdən asılı məsələ deyil. Azərbaycan üzərindən Ermənistana yük daşınmasında region dövlətləri maraqlı olduğu üçün bunu etmək mümkün oldu, gərək onlar sülhdə də maraqlı olsun. Mən çox istəyirəm ki, biz öz tərəfimizdən sülhün imzalanması üçün gərəkli olan addımları ataq. Ermənistan konstitusiyasının necə olması sülhə təminat verə bilməz. Sülhə təminat güclü ordumuzun və müttəfiqlərimizin olması, regional əməkdaşlığın genişləndirilməsi, qonşularımızla dostluq siyasətinin gücləndirilməsi ola bilər. Region dövlətlərinin sıx inteqrasiyası olsa, Ermənistan öz konstitusiyasını sözsüz ki, dəyişəcək. Əvvəllər də söyləyirdim ki, ikitərəfli danışıqlarla sülhə nail olmaq mümkünsüzdür. Güclü vasitəçilərin olması lazımdır. ABŞ regiondan çox uzaqdadır və administrasiyaların dəyişməsi ilə bu ölkənin xarici siyasəti də kəskin dəyişir. Həm də ABŞ-nin Əfqanıstanda öz müttəfiqlərini necə qoyub qaçmasını da, Gürcüstanı və Ukraynanı necə müdafiə etməsini də gördük. Ona görə Rusiya və Türkiyəni Ermənistanla sülh sazişinin imzalanmasına dəvət etməliyik. Bu gün çoxlarına xəyal kimi görünsə də 3+3 formatında, gələcəkdə Mərkəzi Asiya respublikalarının da qoşulacağı yeni iqtisadi birliyin və həmin birlik çərçivəsində ümumi bazarın yaradılmasına çalışmalıyıq.

- İlin sonuna qədər Ukrayna ilə Rusiya arasında sülh sazişinin imzalanması mümkündürmü?

- Ukrayna çıxılmaz vəziyyətədədir. Nə Britaniya, nə Almaniya, nə də Fransa Ukraynaya uzaqmənzilli raketlər vermir. O cümlədən digər NATO dövlətləri lazım olan səviyyədə Ukraynanı müdafiə etmirlər. Silah özümüzə lazımdır deyənlər sadəcə riyakarlıq edirlər. Həmin silahla özlərini kimdən qoruyacaqlar? ABŞ ümumiyyətlə kənara çəkilib vasitəçi olduğunu deyir. Rusiya Trampın köməyi ilə Ukraynanı onun şərtlərini qəbul edib, böyük ərazi itkiləri ilə barışmağa məcbur edəcək. Ukrayna 20 % torpaq itkisi ilə dövlət suverenliyini qoruyub saxlaya bilsə, bunu indiki halda onun xilası hesab etmək olar. Gələcəkdə isə Rusiya Xarkovu, Dnepropetrovski, Odessanı da Ukraynadan alacaq. Ukrayna xalqının, onları aldadıb tək buraxmış Qərbə nifrəti getdikcə artacaq, ukraynlar da gürcülərin yolu ilə gedəcək. Rusiya Ukrayna üzərində nəzarətini bərpa edəcək. Müharibə Rusiyanın şərtləri ilə başa çatsa Rusiya dünya lideri statusunu təsdiq edəcək və bu onun NATO, korrupsiyalaşmış Avropa liderləri üzərində möhtəşəm qələbəsi olacaq. Dünyada Rusiyasız heç bir qərar qəbul olunmayacaq. Trampın Ukraynaya təzyiqlərini izləyib belə qənaətə gəlmək olar ki, sülh sazişi yaxın zamanlarda imzalana bilər. Müharibənin davam etməsi artıq Rusiyanın maraqlarına cavab vermir, Ukraynanın isə müharibəni davam etdirmək imkanı yoxdur.

- Qüdrət bəy, Türkiyə görsə də Putin Türkiyəyə səfər etməyə tələsmir, amma təkidlə onu Ankaraya dəvət edir, səbəb nədir?

- Rusiya hərbiləşmiş güclü nüvə dövlətidir, böyük təbii sərvətlərə malikdir. ABŞ-də onun Tramp tərəfindən necə qarşılandığını bütün dünya seyr etdi. Həm də Putin cəsarətli dövlət başçısıdır. Hamı ondan çəkinir. Türkiyədə düşünürlər ki, o Ankaraya getsə bu Türkiyənin nüfuzunu qaldırar, qarşılıqlı maraqlara cavab verən razılaşmalar əldə oluna bilər. Ukraynanın kapitulyasiyasından sonra Qərb liderləri Putinin əlini öpmək üçün növbəyə dayanacaq.

AzNews.az