- Siyasi müzakirə
- 17:12
- 2 071
“İran rəsmi üzrxahlıq etməli və bu addımları dayandırmalıdır” – Pərvanə Vəliyeva
"İrana qarşı hərbi əməliyyatlarda öz ərazisini poliqon etməyən, İran Ali rəhbərinin ölümü ilə bağlı başsağlığı verən Azərbaycan, İranın dron zərbələrinə məruz qalır. Türkiyə vurularkən Xarici İşlər Nazirliyi rəhbəri Hakan Fidan bunu şərh edərkən bildirmişdi: “İran özünü itirib, sağa-sola dron atır, özü gedərkən başqalarını da aparmaq istəyir”. Qonşuluqda müharibənin başlamasının regiona və ölkəmizə mümkün təsirləri aydın idi. Azərbaycanın xarici siyasət prioritetlərindən biri də qonşularla normal münasibətlərin olması və qonşu ölkələrdə münaqişənin olmaması, regional sabitliyin təmin edilməsidir. İranla münasibətlərimiz də bu günədək normal olub".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Xatırladaq ki, İran istiqamətindən gələn pilotsuz uçuş aparatları ilə Naxçıvan Muxtar Respublikası ərazisində, o cümlədən Naxçıvan Beynəlxalq Hava Limanına zərbələr endirilib. Hadisə nəticəsində aeroport binasında və ətraf ərazilərdə ziyan dəyib, iki mülki şəxs xəsarət alıb. Azərbaycanın rəsmi qurumları hücumu mülki infrastruktura qarşı yönəlmiş təxribat kimi qiymətləndirərək izahat tələb edib.
Deputat vurğulayıb ki, Naxçıvana edilən dron zərbəsini qətiyyətlə pisləyirik.
"Zərbələr nəticəsində iki vətəndaşımız xəsarət alıb. Azərbaycan ərazisinə bu hücum qeyri-dost addımdır. Azərbaycan öz sərhədləri daxilində hər hansı hücuma cavab vermək hüququna və iqtidarındadır. Qarşı tərəf rəsmi üzrxahlıq etməli və bu kimi addımları dayandırmalıdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az